“Ailə məsələlərini efirdə hind filmi kimi göstərmək yolverilməzdir” -TURAL İRFAN

Son vaxtlar televiziya efirlərində ailə-məişət mövzularının geniş müzakirə olunduğu müşahidə edilir.

Belə verilişlərdə insanların şəxsi həyatları bağlı müxtəlif hadisələr tamaşaçılara göstərilir.

Bəs bu mövzuların efirə çıxarılması nə dərəcədə məqsədəuyğundur?

Mövzu ilə bağlı Gununsesi.info–ya danışan  Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı-publisist, dinşunas Tural İrfan deyib ki, ailə-məişət məsələlərinin efirlərdə müzakirə olunması, üstəlik dramatikləşdirilməsinə qəti şəkildə doğru deyil:

“Mən belə hallara qarşıyam. Bu, həm milli mentalitetimizə ziddir, həm də dinimizin prinsiplərinə tamamilə əksdir. Mən bunu bir ilahiyyatçı olaraq deyirəm.

Dədə-babadan xalqımızın xarakterində var ki, insan öz ailə sirrini, abır-həyasını çölə çıxarmasın. Əvvəllər evdə hər hansı problem, dava-dalaş olanda qapı-pəncərə bağlanardı ki, səsi bayıra getməsin. İndi isə belə məsələlərin efirlərə çıxarılması və bütün dünyaya yayılması xoşagələn hal deyil. Çünki həmin verilişlərə çıxan insanlar bizim millətin övladıdır, vətəndaşımızdır. Təəssüf ki, bununla xalqımız başqa xalqların gözündə tamaşaya çevrilir. Halbuki ailə-sosial məsələləri qlobal problem deyil, daha çox şəxsi və məişət xarakterli məsələlərdir. Belə problemlərin hind filmi kimi efirlərdə müzakirə olunması düzgün deyil”.

 

O, qeyd edib ki, belə problemlərin həlli üçün efirlərə çıxmaq əvəzinə aidiyyəti qurumlara müraciət etmək daha məqsədəuyğundur.

“Efir vaxtı daha çox ciddi və mühüm mövzulara həsr edilməlidir. İnsanların abır-həyasını açıb tökmək, ailə sirrlərini ifşa etmək doğru yanaşma deyil. Ailə dəyərləri qorunmalıdır.

İnkişaf etmiş ölkələrdə belə hallara yol verilmir. Ona görə də hesab edirəm ki, ailə-sosial məsələlər efirlərdə yox, müvafiq qurumlar tərəfindən müzakirə olunmalı və həlli tapılmalıdır. Təəssüf ki, bizdə bəzən bu məsələlərin efirə çıxarılması sanki strukturların işləmədiyi təəssüratını yaradır. Mən konkret olaraq belə yanaşmanın tərəfdarı deyiləm”-deyə T.İrfan əlavə edib.

 

 

Şəbnəm Rəhimova

Gununsesi.info