Aparıcı “Səhər Azəri”kanalının fəaliyyəti Azərbaycanda çoxdan qadağan edilməli idi - Aparıcı

  • Müəllif: Firuzə
  • 27 İyul 2026 19:40

İranın Kəşfiyyat Nazirliyinin AzTV-ni “İrana düşmən media qurumu” kimi təqdim etməsi Azərbaycanda müzakirələrə səbəb olmaqda davam edir.

Gununsesi.info xəbər verir ki, məsələ ilə bağlı aparıcı Nigar Sabiqızı da münasinət bildirib.

O bildirib ki, İranın “Səhər Azəri” telekanalı uzun illərdir Azərbaycana və Prezident İlham Əliyevə qarşı təxribat xarakterli materiallar yayımlayıb.

“Bu kanalın çarşabın arxasından dünyaya qara baxan aparıcıları dəfələrlə Bakını İranın şəhəri kimi təqdim edib. “İTV Xəbər Yekun” proqramında bu kanalın təxribatçı fəaliyyəti ilə bağlı dəfələrlə süjetlər hazırlamışıq. İllərdir mən də bu kanalın hədəfindəyəm”, – deyə o qeyd edib.

Aparıcı qeyd edib ki, “Səhər Azəri” telekanalının Azərbaycanda fəaliyyətinə çoxdan son qoyulmalı idi.

“Səhər” beyni küt olanları Azərbaycana qarşı daha da zəhərləyirdi. Ona görə də “Səhər” kanalının Azərbaycanda fəaliyyəti çoxdan qadağan edilməli idi”, – deyə Nigar Sabiqızı bildirib.

Qeyd edək ki, İranın Kəşfiyyat Nazirliyi yaydığı siyahıda AzTV-ni “İrana düşmən media qurumları” kimi təqdim edib və həmin media qurumları ilə əməkdaşlıq edən şəxslərin məsuliyyət daşıya biləcəyi barədə xəbərdarlıq edib.

Xəbərə cavab olaraq Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Bəyanat yayıb.

Bəyanatda deyilir:

“İran İslam Respublikasının Kəşfiyyat Nazirliyi tərəfindən bəzi xarici media subyektləri, o cümlədən Azərbaycan Respublikasının dövlət televiziya kanalı olan AzTV-nin “düşmən media qurumları” siyahısına daxil edilməsi və həmin qurumlarla əməkdaşlıq edən şəxslərin cinayət məsuliyyəti ilə hədələnməsi təəccüb doğurur. Heç şübhəsiz ki, Azərbaycan Respublikası jurnalistlərin peşə fəaliyyətinin müdafiəsinə sadiq olmaqla yanaşı, qarşılıqlılıq prinsipinin tətbiqini də təmin edir. Belə ki, “Media haqqında” Azərbaycan Respublikası Qanununun 11.4-cü maddəsinə əsasən, Media Reyestrinə daxil edilmiş jurnalistlərin peşə fəaliyyətinin həyata keçirilməsinə digər dövlətlər tərəfindən xüsusi məhdudiyyətlər qoyulduqda həmin məhdudiyyətləri tətbiq etmiş dövlətin jurnalistlərinə Azərbaycan Respublikasında da eyni məhdudiyyətlər qoyula bilər. Müvafiq maddənin tələbləri və qarşılıqlılıq prinsipi nəzərə alınaraq, Azərbaycan Respublikasının milli maraqlarına zidd fəaliyyət göstərən, ölkəmizin suverenliyi, konstitusiya quruluşu, ərazi bütövlüyü və milli təhlükəsizliyi əleyhinə təbliğat aparan media subyektlərinin – “Səhər” telekanalı və “Mehr” xəbər agentliyinin, həmçinin bu subyektlərin nümayəndələrinin Azərbaycan Respublikası ərazisində fəaliyyəti qanunsuz hesab edilir. Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün media subyektlərini və jurnalistləri ölkəmizin milli maraqlarına qarşı fəaliyyət göstərən yuxarıda adları çəkilən media qurumları və onların əlaqəli nümayəndələri ilə əməkdaşlıqdan çəkinməyə çağırır, media sahəsində beynəlxalq əməkdaşlığın yalnız qarşılıqlı hörmət və jurnalistlərin peşə müstəqilliyi əsasında həyata keçirilməli olduğunu bir daha vurğulayırıq”.

Elmar
Gununsesi.info