Air Asia şirkəti yaxın vaxtlarda Moskavadan Banqkoka birbaşa reyslər açmağı planlaşdırır

Birtərəfli biletin qiyməti cəmi 175-100 dollar təşkil etməlidir. Nəzərə alsaq ki, Moskvadan Banqkoka uçuş müddəti 9 saatdır və 13600 km təşkil edir, kifayət qədər ucuz qiymətdir

Bu faktın Azərbaycan üçün əhəmiyyəti nədən ibarətdir?

35 ildən artıq müddətdə Bakı-Naxçıvan reysləri hələ də normal qaydada təşkil edilmir. Reyslər gecikir, bilet tapılmır, korrupsiya qalmaqalları davam edir, təyyarələr sərnişin əvəzinə yük daşıyır və s. Halbuki bütün bu problemlərin sadə həll yolu var: ölkədə özəl və aşağıbüdcəli aviaşirkətlər fəaliyyət göstərməlidir. Ən əsası isə onlar monopolistin diktə etdiyi şərtlərlə yox, özlərinə sərf edən qaydada beynəlxalq və yerli uçuşları həyata keçirməlidirlər

Bu yaxınlarda büdcə vəsaitləri hesabına xarici bloqqerləri ölkəyə gətirb Azərbaycanı reklam etmək və can verməkdə olan turizm sektorunu diriltmək üçün 2 milyon manat vəsait ayrıldı. Hələ də Azərbaycanda sistemin yaratdığı problemləri təbliğatla yaxud da inzibati üsullarla həll etməyə kor-koranə inam yaşayır. Turizm sektoruna nəfəs verməyin şərti reklamlardan, viza rejimindən, yaxud da ictimai iaşə obyektlərini nəzarətə götürməkdən keçmir. Təyyarə biletlərinin əlçatanlığı, loukosterlərin münasib qiymətə müntəzəm uçuşları kifayətdir, belə olarsa on minlərlə iş yeri avtomatik olaraq yaranar. Lakin məlum səbəblərdən bu hal-hazırda fantastika kimi görünür

İqtisadiyyatda müəyyən canlanma yaradacaq belə tədbirlər əvəzinə isə, ölkə dayanmadan forumlar, konfranslar keçirməklə məşğuldur. Bakı-Ceyhan iqtisadi modelinin tormozlanması fonunda bütün bu cəhdlər özünü aldatmaqdan başqa bir şey deyil.

 

Günay

Gununsesi.info