Çindəki serial qadağasından bizə də lazımdırmı?

  • By Admin2
  • 02 İyul 2026 10:45

Çində romantik serial və filmlərdə zəngin kişinin kasıb qıza aşiq olması kimi süjetlərin m!hdu!laşdırıldığı bildirilir.

Məlumata görə, ölkədə media məzmununa nəzarət edən qurumlar son illərdə bəzi “ideallaşdırılmış zənginlik” və “asan sosial yüksəliş” mövzularına daha sərt yanaşır.

Rəsmi izahlara əsasən, bu cür məzmunların sosial reallığı düzgün əks etdirmədiyi və auditoriyada yanlış gözləntilər yarada biləcəyi qeyd olunur.

Bu nöqtədən baxanda adam istər-istəməz Azərbaycan seriallarını xatırlayır.

Bizdə, az qala senzura yoxdur, amma sanki təxəyyülə görünməz senzura qoyulub. Mövzular dəyişmir, qəhrəmanlar dəyişmir, dialoqlar dəyişmir. İllərdir eyni ailə qalmaqalları, eyni qaynana-gəlin müharibəsi, eyni xəyanət üçbucaqları, eyni süni göz yaşları…

Azərbaycan seriallarında həkim də danışanda bazar adamı kimi danışır, professor da, vəkil də. Cəmiyyətin müxtəlif təbəqələri ekranda bir-birindən fərqlənmir. Personajların peşəsi yalnız titul kimi qalır, xarakteri isə yoxdur.

Ən böyük problem isə reallığın təhrif edilməsidir. Elə bil Azərbaycanda gənclərin başqa problemi yoxdur. Nə mənzil böhranı var, nə işsizlik, nə təhsil qayğıları, nə də ölkədən köçmək istəyən minlərlə insan. Əvəzində bütün konfliktlər miras üstündə dava, xəyanət, qışqırıq və intriqadan ibarətdir.

Bir çox seriallarda aktyor oyunu da süjet qədər yorucudur. Personajlar danışmır, sanki bəyanat verirlər. Təbii söhbət əvəzinə pafoslu monoloqlar eşidirik. Kamera qarşısında həyat yox, tamaşa nümayiş etdirilir.

Ən acınacaqlısı isə odur ki, ssenaristlər tamaşaçını düşündürmək əvəzinə onu yalnız növbəti qalmaqalı gözləməyə öyrəşdirirlər. Halbuki serial cəmiyyətin aynası olmalıdır. O, insanı həm güldürməli, həm düşündürməli, bəzən də narahat etməlidir. Yaxşı serial izləyicini ekrandan ayırmır, həm də ona suallar verir.

Azərbaycanın zəngin tarixi, fərqli bölgələri, maraqlı insan taleləri, elm adamları, sahibkarları, müəllimləri, həkimləri, kənd həyatı, şəhər problemləri, müasir gənclərin dilemması kimi yüzlərlə mövzu var. Amma bunların çoxu ekran üçün sanki mövcud deyil. Çünki asan yol seçilir: eyni dekor, eyni mübahisə, eyni ssenari.

Bəlkə də bizə Çindəki kimi qadağalar lazım deyil. Amma bizə mütləq keyfiyyət tələbi lazımdır. Tamaşaçıya hörmət lazımdır. Ssenariyə investisiya lazımdır. Əks halda seriallarımız nə cəmiyyəti əks etdirəcək, nə də gələcək nəsillərin yaddaşında qalacaq. Ekran efiri doldurmaq üçün yox, iz buraxmaq üçün var. Bu isə yalnız reytinq dalınca qaçmaqla deyil, yaxşı hekayə danışmaqla mümkündür.

Elmar

Gununsesi.info