Aqşin Yenisey: “Mədəniyyət mentalitetin evdən qaçan oğludur”

  • Müəllif: Orxan
  • 14 Avqust 2026 12:08

Yazıçı Aqşin Yenisey mədəniyyət və mentalitet anlayışlarının münasibəti ilə bağlı müzakirələrə münasibət bildirib.

Gununsesi.infoxəbər verir ki, Yenisey mədəniyyət və mentalitetin bir-birini dəstəkləyən deyil, zidd istiqamətlərdə dayanan anlayışlar olduğunu deyib. O, “mədəniyyət mentalitetin sütunları üzərində dayanmasa, tez uçub-dağılar” fikrinə etiraz edib.

Yazıçıya görə, mədəniyyətin əsas sütunları elm, fəlsəfə, sənət və hüquqdur. Mentalitetdə isə elmi din, fəlsəfəni inanc, sənəti folklor, hüququ isə şəxsi vicdan əvəz edir.

“Mədəniyyətin bütün sütunları aşağıda kitabxanada birləşir. Mentalitetin isə kitabxanası yoxdur. Ölkəni ələk-vələk etsək, neçə evdə kitabxana olduğuna şahid ola bilərik?” – deyə Aqşin Yenisey qeyd edib.

O, Azərbaycanda ev kitabxanalarının olmamasını da mentalitet əsaslı cəmiyyət olmağımızla əlaqələndirib:

“Çünki mentalitet əsaslı cəmiyyətik, kitabxanaya ehtiyacımız yoxdur. Universitetə şalvar qayışına soxduğu iki dəftərlə gedən toplumuq”.

Yenisey hesab edir ki, mədəniyyət mentalitetin üzərində qurulduğu üçün Azərbaycan dünya mədəniyyət bazarına çıxara biləcəyi məhsullar yaratmaqda çətinlik çəkir.

“Biz mədəniyyəti mentalitetin üzərinə, yəni elmi dinin, fəlsəfəni inancın, sənəti folklorun, hüququ şəxsi vicdanın üzərinə inşa etmişik deyə dünyanın mədəniyyət bazarına çıxarmağa heç bir məhsulumuz yoxdur”, – deyə o bildirib.

Yazıçı dünya mədəniyyət bazarında milli mentalitetin özünün deyil, onun üzərində yaradılan daha universal mədəni məhsulların önə çıxdığını vurğulayıb. Bu baxımdan Qabriel Qarsia Markes və Toni Morrison kimi yazıçıları nümunə göstərib.

Aqşin Yenisey Azərbaycan muğamını da misal çəkib.

Onun fikrincə, Alim Qasımov muğamı “sakral-mental çərçivədən” kənara çıxara bildiyi üçün onun sənəti beynəlxalq miqyasda tanınıb.

“İyirmi ildir əlləşirik ki, onu çıxdığı yerə – mentalitetin feyziyab olduğu standarta qaytaraq”, – deyə Yenisey yazıb.

Yazıçı fikirlərini belə yekunlaşdırıb:

“Mədəniyyət mentalitetin evdən qaçan oğludur. Onun hər şeyi sıfırdan başlamaqdan başqa çarəsi yoxdur. Biz o gücü özümüzdə görmürük deyə başımızı aşağı salıb dədə malını tıxmağı üstün tuturuq”.

Elmar

Gununsesi.info