Avropa Şurasından Türkiyədəki seçki açıqlaması - ƏSAS İCTİMAİ-SİYASİ XADİMLƏR HƏBSDƏDİR, MEDİA AZADLIĞI MƏHDUDLAŞDIRILIB

  • By admin
  • 16 May 2023 00:32

“Türkiyə demokratiyası heyrətamiz dərəcədə dayanıqlı olduğunu sübut edir. Bu seçki yüksək fəallıq nümayiş etdirdi və real seçim təklif etdi. Bununla belə, Türkiyə demokratik seçkilərin keçirilməsi üçün əsas prinsipləri yerinə yetirmir”.

 

Gununsesi.info xəbər verir ki, bunu Türkiyədə keçirilən prezident və parlament seçkilərini müşahidə edən AŞPA nümayəndə heyətinin rəhbəri Frank Şvabe bildirib. “Əsas siyasi və ictimai xadimlər hətta Avropa İnsan Haqları Məhkəməsinin qərarlarından sonra da həbsdədirlər, media azadlığı ciddi şəkildə məhdudlaşdırılır və özünüsenzura mühiti mövcuddur. Türkiyə ədalətli seçki kampaniyası şəraiti yaratmaqdan çox uzaqdır”.
O, daha sonra əlavə edib ki, seçki administrasiyası seçkiləri səmərəli təşkil edib və ümumilikdə etimad qazanıb:

”Baxmayaraq ki, onların işində şəffaflıq və kommunikasiyanın olmaması, eləcə də müstəqilliyi ilə bağlı narahatlıqlar var idi. Seçki məntəqələrində və ətrafında baş verən bir sıra insidentlərə baxmayaraq, səsvermə günü əsasən dinc və rahat keçdi. Proses ümumən yaxşı təşkil olunsa da, xüsusilə səslərin sayılması zamanı mühüm təminatlar həmişə həyata keçirilmirdi. Ailə və qrup səsverməsi tez-tez keçirilirdi, halbuki müşahidə edilən seçki məntəqələrinin yarısının tərtibatı onları əlillər üçün əlçatmaz edib. Kampaniya əsasən dinc və rəqabətli, lakin yüksək qütbləşmiş və çox vaxt mənfi və alovlu tonda idi. Bir sıra təqiblər, habelə müxalifət siyasətçilərinə və partiyalarına təzyiqlər, o cümlədən ikinci ən böyük müxalifət partiyasının buraxılması üçün davam edən proseslər onların seçkilərdə iştirakına mane olub. Konstitusiya qadın və kişi bərabərliyinə təminat versə də, qadınlar rəhbər vəzifələrdə və ümumiyyətlə siyasətdə kifayət qədər təmsil olunmur və bu sahədə hakimiyyət və siyasi partiyaların daha böyük səylərinə ehtiyac var”.

 

Tərcümə:

Afət Abbasova

Gununsesi