Azərbaycanda uşaq pulu niyə verilmir: Dövlətin bu pulu verməyə maddi gücü varmı? – İQTİSADİ TƏHLİL

  • By admin
  • 18 Noyabr 2022 15:45

Uzun müddətdir ki, Azərbaycanda Uşaq pulunun verilməsi ilə bağlı müzakirələr edilir. Ayrı-ayrı ictimai xadimlər və siyasi partiyalar bununla bağlı yanaşmalarını açıqlayırlar. Dövlət səviyyəsində işsizliyinin yüksək olması və aztəminatlı ailələrin həyat şəraitinin normallaşdırılması üçün Azərbaycanda uşaq pulu verilə bilərmi?, Dövlətin bunun verməyə maddi gücü yetirmi? mövzusunda tanınmış iqtisadçı-ekspertlərin rəylərini öyrənməyə çalışdıq.

Gununsesi.info mövzu ilə bağlı iqtisadi mütəxəssislərin fikirlərini öyrənib.

 

İqtisadçı-ekspert, ReAL Partiyasının rəsmisi Natiq Cəfərli uşaq pullarının verilməsi ilə bağlı ölkəmizdə uzun müddətdir ki, ictimai gözləntilərin olduğunu deyir. Onun fikrincə, Uşaq pullarının dövlət tərəfindən verilməsi mümkündür. Siyasətçi deyir:

“Ölkədə 0-18 yaşa aralığında 2 milyon 700 min vətəndaş var. Bunların hər birinə uşaq pullarının verilməsi məbləğdən asılı olacaq.  Əgər hər bir halda 100 manat təklif edilsə, 3 milyard manata yaxın pul edəcək. Bu isə büdcənin qaldıracağı vəsait deyil. Çünki büdcənin 30 milyard olduğunu nəzərə alsaq, bu 10 faiz edəcək, başqa xərclərin azaldılmasına səbəb olacaq”.

Ekspert Cəfərli söyləyir ki, müxtəlif təkliflər və yanaşmalar var. Onların bəziləri populist yanaşmalar olur. Bu isə mövzunun ciddi elmi müzakirəsini arxa plana adladır.

“Ona görə də, ilkin təklif olaraq birinci uşağa deyil, sonrakı uşaqlara həmin pulların verilməsi mümkündür. Çünki ilk uşağı ailə özü də planlaşdıranda, maddi cəhətləri nəzərə alır. Ancaq 2-ci və 3-cü uşağın dünyaya gəlməsi həm demoqrafik vəziyyətin yaxşılaşdırılması, həm də ailəyə maddi dəstək üçün məntiqli yanaşma olardı. Ən azından, ilkin mərhələdə. Ona görə də, birincidən sonra doğulan uşaqlara Uşaq pullarının verilməsi mümkündür”, – deyə iqtisadi mütəxəssis vurğulayır.

 

İqtisadçı alim, Ağ Partiya başqanının iqtisadi məsələlər üzrə müşaviri Vüsalə Əhmədova isə mövzuya daha geniş və dərindən toxunaraq  vurğulayır ki, bunun üçün öncə dövlətin Sosial-Təminat Siyasəti açıqlanmalıdır.

Onun fikrincə, uşağın anadan olmasına görə verilən birdəfəlik müavinətin məbləğinin 500 manatadək artırılması daha məqsədəuyğun olar.

Xanım ekspert fikirlərini bu cür əsaslandırır:

“Sosial müavinətlər haqqında” Qanuna əsasən, hazırda ölkəmizdə uşaqlar üçün təyin edilən müavinət yalnız uşağın anadan olmasına görə verilən birdəfəlik ödənişdir. Hansı ki, məbləği 2022-ci il yanvar ayının 1-dən etibarən çox saylı tənqidlərdən sonra 300 manat müəyyən edildi. Digər iki növ sosial müavinət isə yalnız çox cüzi əhali təbəqəsini əhatə edir, hansı ki, aztəminatlı və ünvanlı dövlət sosial yardımı təyin edilmiş ailələrə verilir. Bu yaxınlarda Sosial Müdafiə Naziri açıqlama verərək bildirdi ki, Azərbaycanda uşaq pulu yalnız həssas kateqoriyadan olan uşaqlara verilir, digər uşaqlara verilməsi nəzərdə tutulmur. Mənə maraqlıdır necə olur ki, işsizlik həddinin 2-6%, yoxsulluq həddinin 4-6.8% olduğu Skandinav ölkələrində bütün uşaqlara müavinət verilir, ancaq bizdə verilmir?”

İqtisadçı Əhmədova açıqlayır ki, minimum əmək haqqları ölkəmizdəkindən dəfələrlə yüksək olan inkişaf etmiş Avropa ölkələrində hər bir uşağa 18 yaşınadək sosial müavinət verilirsə, bizdə nə üçün verilməsin?

İqtisadçı alim söyləyir ki, Ünvanlı Dövlət Sosial Yardımın verilməsi üçün də o qədər mürəkkəb şərtlər qoyulur ki, bir çox hallarda ailələr sosial vəziyyətlərinin ağır olmasına baxmayaraq, müavinəti ala bilmirlər. O əlavə edir ki, Qanundakı ağır şərtlər bir tərəfə, prosedur qaydaları da o qədər mürəkkəbdir ki, şəxs artıq bir mərhələdən sonra müavinətdən imtina edir.

“Biz Ağ Partiya olaraq hələ keçən il uşaq pulunun verilmə mexanizmiylə bağlı təkliflərlə çıxış etdik, səhv etmirəmsə, bir sıra digər partyalar da müxtəlif təkliflər səsləndirdi. Ancaq hələ ki, hökumət tərəfindən bu istiqamətdə müsbət addım atılmayıb. Zatən sosial dövlət qurmaq istiqamətində ciddi addımlar atmanın vaxtı çoxdan çatıb. Sərt kapitalizm Azərbaycan reallıqları ilə uyğunlaşmır. Ölkəmizdə uşağın anadan olmasına görə verilən birdəfəlik müavinətin məbləği simvolikdir. Az əvvəl də bildirdiyim kimi, bu il yanvarın 1-dən etibarən 300 manat olaraq müəyyən edildi, bu vaxta qədər 100-200 manat idi”, – deyə Əhmədova vurğulayır.

Əhmədova deyir ki, Azərbaycanda bir uşağın doğum xərclərinin ən az, 1500-3000 manat təşkil etdiyini nəzərə alsaq, birdəfəlik ödənişin məbləğinin 500 manatadək artırılması daha məqsədəuyğun olardı.

“Bundan əlavə, 1-6 yaş qrupları üzrə “şərti tibbi yardım” adı altında hər bir uşaq üçün aylıq 80 manat məbləğində müavinətin verilməsini təklif etdik. Xarici ölkələrdə 5 yaşadək uşaqlar ildə ən az dörd dəfə, 5 yaşdan 8 yaşadək uşaqlar isə ildə ən az iki dəfə tibbi müayinədən keçirilirlər. Bu proses, şübhəli anomaliyaları və riskləri ortaya çıxarmaq, gələcəkdəki ağır fəsadların qarşısını alınmaq üçün vacibdir. Maliyyə çatışmazlığı səbəbindən ölkəmizdə uşaqlar vaxtında tibbi müayinələrdən keçirilmirlər”.

İqtisadçı alimin fikrincə, Tibbi sığorta mexanizmi işləmir. Xanım siyasətçi vurğulayır ki, Tibbi müayinələrin minimum qiyməti 20-50 manat arasında dəyişir. Onun sözlərinə görə, müxtəlif skrininq-yoxlama testlərin qiyməti minimum 10-40 manat təşkil edir. Pediatr, oftalmoloq, nevropotoloq müayinəsi, qanın ümumi analizi və bir sıra digər zəruri testləri nəzərə alsaq, bir uşağın tək səfərlik müayinəsinə ən az 200-300 manat tələb olunur. Bu isə orta aylıq əmək haqqının təxminən 57-70%-ni təşkil edir.

Əhmədova vurğulayır ki, dərman monopolyası sayəsində dərmanlar xarici bazar qiymətlərindən 5-8 dəfə baha satılır.

Xanım iqtisadçı bildirir ki, ölkədə 1-6 yaş qrupundakı uşaqların cəmi sayının təqribən 940.400 nəfər təşkil etdiyini nəzərə alsaq, hər bir uşaq üçün aylıq 80 manat məbləğində müavinət illik 902.784.000 manat təşkil edəcək.

“Bunun da büdcə üçün böyük yük olacağını düşünmürəm. 2022-ci ilin dövlət büdcəsində Azərbaycan neftinin 1 barelinin qiyməti 50 ABŞ dolları səviyyəsində nəzərdə tutulub. Ancaq “Azeri Light” markalı neftin bir barelinin qiyməti ilin əvvəlində 100 dollar idisə, mart ayından etibarən daha da yüksələrək 135,99 dollar oldu. Neftin qiymətinin yüksək olması ölkənin valyuta ehtiyatlarının artması deməkdir. Bu isə büdcə gəlirləri baxımından, geniş imkanlar yaradır” – deyə iqtisadçı alim açıqlayır.

Ağ Partiya rəsmisi, fikirlərini bu cür əsaslandırır: “Ayrıca, 7-17 yaş qrupları üzrə “şərti təhsil yardımı” adı altında aylıq ən az 100 manat müavinətin verilməsini təklif etdik. Bilirsiniz ki, bir ədəd məktəbli geyim dəsti üçün 45-55 manat, məktəbli çantası üçün 35-85 manat, məktəbli ləvazimatları üçün ən az 80-100 manat sərf olunur, bir uşağın məktəbə yollanması üçün valideyn minimum 150-250 manat vəsait ayırmalıdır. Ölkədə minimum əmək haqqının 300 manat, ortalama əmək haqının isə 400-500 manat təşkil etdiyi bir şəraitdə aylıq məvacibin təqribən 50-60%-i yalnız bir uşağın məktəb xərci təşkil edir. Bir ailədən iki, üç və hətda daha çox uşağın məktəbə getdiyi ailələr var. Hökumətimiz əgər düşünürsə ki, 7-17 yaş qrupları üzrə aylıq uşaq pulunun verilməsi ilə büdcəyə yük düşəcək, o zaman, alternativ olaraq təklif edirik ki, 7 yaşı tamam olan hər bir uşaq üçün bank hesabı açılsın, aylıq müavinətlər bank hesabına toplansın və uşağın 18 yaşı tamam olduqda toplanan vəsait onun istifadəsinə verilsin”.

İqtisadiyyat mütəxəssisi Əhmədova vurğulayır ki, həmin müddət ərzində isə bank vəsaiti iqtisadiyyata investisiya edə bilər. 18 yaşı tamam olduqdan sonra vətəndaş bankda adına toplanan vəsaiti götürərək məsələn, ali təhsilinə xərcləyə bilər.

“Məlumdur ki, ölkəmizdə ali məktəblərə qəbulun 69%-i ödənişli əsaslarla aparılır. İllik təhsil haqları isə universitetlərimizdə 2500-6500 manat arasında dəyişir. İllik 2500 manat təhsil haqqı, aylıq ortalama 350 manat əmək haqqı alan vətəndaşın illik gəlirinin 60%-ni təşkil edir”, deyə Vüsalə Əhmədova fikirlərini bu cür tamamlayır

 

Arzu Sayadoğlu.

Gununsesi.info