Azərbaycanın xilasediciləri Kahramanmaraşda zərərçəkmişlərə ikinci çadır şəhərciyi qururlar -FOTO

Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları Türkiyənin Kahramanmaraş şəhərində zəlzələdən zərər çəkənlər üçün daha bir müvəqqəti çadır şəhərciyi qururlar.

“Report”un Türkiyəyə ezam olunmuş əməkdaşının xəbərinə görə, xilasedicilərimiz Azərbaycandan göndərilən çadırları Kahramanmaraş Sütçü İmam Universitetinin həyətində qurmağa başlayıblar.

Hazırda ərazidə 300 ədəd çadır qurulur və tez bir zamanda zəlzələdən zərər çəkmiş şəxslərə təhvil veriləcək.

15:33

Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri Türkiyənin Kahramanmaraş şəhərində zəlzələdən zərərçəkənlərə yemək paylayıblar.

“Report”un Türkiyəyə ezam olunmuş əməkdaşının xəbərinə görə, Azərbaycanın xilasediciləri tərəfindən şəhərin Doğukənd məhəlləsində qurulan çadır şəhərciyinə səhra mətbəxi gətirilib.

Burada FHN əməkdaşlarının hazırladıqları isti yemək və çay sakinlərə paylanılıb.

14:38

Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları tərəfindən Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkənin Kahramanmaraş şəhərinin sakinlərinə müvəqqəti çadırlar qurulub.

“Report”un Türkiyəyə ezam olunmuş əməkdaşının xəbərinə görə, xilasedicilərimiz Azərbaycandan göndərilən çadırları şəhərin Doğukənd məhəlləsində qurmağı başa çatdırıblar.

Yüz otuzdan çox çadırdan ibarət olan şəhərciyə artıq zərərçəkmişlər köçürülürlər. Çadırlar yerli aidiyyəti orqanlar tərəfindən sakinlərə təhvil verilməyə başlanılıb.

Qeyd edək ki, Azərbaycanın xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş şəhəri ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 53 nəfəri sağ, 691 nəfərin isə meyitini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Hazırda axtarış-xilasetmə əməliyyatları xüsusi texniki vasitələr, habelə xilasetmə itlərinin tətbiq edilməsi ilə davam etdirilir.

Gununsesi.info