Bəhramın dözümsüzlüyü vaxtilə yaşadığı məhəllədəki mühitlə bağlı olub, başqa bakılılar belə olmayıb

  • By admin
  • 16 Yanvar 2023 08:31

 

Media məsələləri üzrə ekspert Rəşid Hacılı Bəhram Bağırzadənin son günlər gündəm olan “rayonlu-şəhər” söhbətinə yazı ilə cavab verib.
Gununsesi.info həmin qeydləri təqdim edir:

Bakıya SSRİ-nin ən çiçəklənən, ən varlı olan zamanında gəldim. 80-ci illərin başlanğıcında. Zəngilandan. Ali təhsil almağa.

Tanımadığım, yad bir dünya idi. Küçələri tanımırdım. Avtobus-tramvayların hara getdiyini bilmirdim. Universitetdən yaşadlğım yerə gedərkən xeyli stress, gərginlik keçirirdim.

Ayaqlarımı qaldırıb qoyurdum yeriyəndə. Ayağıma daş dəyər deyə. Rayonda yolların hamar yox, kələ-kötür olması səbəbindən yaranmışdı bu yeriş. Hündürmərtəbəli evlərin yuxarı mərtəbələrinə baxmaqdan özümü saxlaya bilmirdim. Bütün yazıları, küçə adlarını, avtobus üzərindəki yazıları, idarə adlarını oxuyurdum. Öyrənmək, uyğunlaşmaq ehtiyacından doğurdu bu görünür.

Rusca hələ yaxşı bilmirdim. Azərbaycanca ilə ötüşmək olurdu. Amma rus dilisiz sanki yarım insan olurdun.

Çətin idi. Amma Bəhram Bağırzadənin urbanizasiya dediyi o sürəc tezliklə gəlib keçdi.

Hər şeyi az-çox anladım. Alışdım. Uyğunlaşdım.

Heç vaxt şəxsən bir diskriminativ yanaşma və ifadə ilə üzləşməmişəm. Başqalarının şikayətlərindən, ümumi müşahidələrimdən bilirəm.

Bakıda məni şok edən bir neçə şey olub o zaman.

Onlardan biri və birincisi Bakının düz ortasındakı səfil məhəllələr idi. Rusca truşoba deyirdilər. P.xludərə, Kubinka, Sovetskinin bəzi yerləri, Qaraşəhər. Daha sonra Alatava və Papanin və başqaları.
Zəngilanda evlər qat-qat işıqlı və təmiz idi, geniş idi. Siçovul ferması içində yaşayırdı Bakıda burada insanlar, sanki.

Bu mənimçün bir şokedici idi. Bu məhəllələrdəki əhali urbanizasiya nə olduğunu bilirdi əlbəttə. Amma…

Bakı sanki ayrı-ayrı inkişaf mərhələsində olan urbanik sektorlara bölünmüşdü. Tam bir seqreqasiya.
Əlverişsiz, yoxsul, urbanizasiyadan kənarda tutulan məhəllələrdə yaşayanlar məhz azərbaycanlı bakılılar idi.

Paradoksal olan nə idi. Rayondan yeni gələnlərin çətinliklərinə Bakının daha urbanik sektorlarında yaşayanlar daha anlayışla yanaşırdı.

Buna dözümsüzlüyünü gizlədə bilməyənlər, üzə vurmağa çalışanlar isə məhz Bakının ortasında urbanizasiya diskriminasiyası yaşayan məhəllələrdən çıxanlar idi. Bunu anlaya bilmirdim.

 

Gununsesi.info