“Ali Məhkəmənin 100 illiyi” medalının təsis edilməsi Konstitusiyaya ziddir - MƏŞHUR HÜQUQŞÜNASDAN PARLAMENTƏ İTTİHAM

  • By admin
  • 16 Yanvar 2023 08:40
 Milli Məclis Aparatı tanınmış vəkil Əkrəm Həsənovun bu günlərdə təsis etdiyi “Ali Məhkəmənin 100 illiyi” yubiley medalının qanunsuz olmasına dair iddiasına cavab verib.
Bu barədə Gununsesi.info-ya vəkilin özü bildirib.
Əkrəm Həsənov deyib ki, Milli Məclis Ali Məhkəmənin saxta yubileyinə haqq qazandırıb:
“Tarixlər yenə də qarışdırıldı, arqumentlərimə münasibət bildirilmədi”.
Qeyd edək ki, vəkil Milli Məclisin deputatlarına Ali Məhkəmənin  “100 illiyi” medalının təsis olunması ilə bağlı müraciət etmişdi.
Həmin müraciətdə deyilirdi:
“Azərbaycan Ali Məhkəməsinin 100 illiyi (1923–2023)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Qanun layihəsi həqiqətə, dəyərlərimizə və Konstitusiyamıza ziddir.
Belə ki, Azərbaycanda Ali Məhkəmənin (yəni sonuncu instansiya məhkəməsinin) tarixi 1923-cü ildən deyil, 1918-ci ildən başlanır. Yəni SSRİ deyil, Azərbaycan Xalq Cümhuriyyəti dövründən. Belə ki, Hökumətin Qərarı ilə Ali Məhkəmə səlahiyyətlərinə malik olan Azərbaycan Məhkəmə Palatası 14 noyabr 1918-ci ildə təsis edilmişdir. O, dairə məhkəmələrinin fəaliyyətini yoxlamış, onların qərarlarından apelyasiya şikayətlərinə baxmış və digər vəzifələri yerinə yetirmişdir.
Diqqəti ona çəkmək isəyirəm ki, Ali Məhkəmənin işlərə hansı icraatda (apelyasiya və ya kassasiya) baxması önəmli deyil. Üçpilləli (birinci instansiya, apellyasiya, kassasiya) məhkəmə sistemi bütün dövlətlərdə üzunmüddətli tarixi proseslər əsnasında formalaşıb. İlkin mərhələdə hər yerdə əsasən ikipilləli məhkəmə sistemi olub və Ali Məhkəmə (adından fərqli olmayaraq) indiki anlamda apellyasiya instansiyası məhkəməsi olub. Ali Məhkəməni səciyyələndirən onun ən yuxarı məhkəmə instansiyası olmasıdır. 1918-ci ildə təsis edilmiş Azərbaycan Məhkəmə Palatası da məhz belə statusa və səlahiyyətlərə malik olub.
Yeri gəmişkən, 1923-cü ildə yaradılmış Azərbaycan SSR Ali Məhkəməsi o cümlədən birinci (!) instansiya məhkəməsi kimi xüsusi əhəmiyyətli işlərə də baxırdı. Tarixdən bilirik ki, bolşeviklər üçün xüsusi əhəmiyyətli işlər “sinfi düşmən”lərə qarşı işlər idi. Yəni məhz bu Ali Məhkəmə birbaşa birinci instansiya məhkəməsi (heç apellyasiya da yox!) olaraq ziyalı elitamızı repressiyaya məruz qoymuşdur. Biz bu Ali Məhkəmənin yubileyi münasibətiləmi medal təsis edirik? Adətən yubileylər olanda, aidiyyəti tarixə dair məqalələr və s. dərc olunur. Harada dərc olunub belə məqalələr? Etsinlər, baxaq, görək, 100 il əvvəl nə ilə məşğul olub bu Ali Məhkəmə? Etmirlərsə, bəs onda nəyə əsasən təsis olunur bu medal?
Konstitusiyamızın preambulasına əsasən “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktında əks olunan prinsiplər əsas götürülməlidir. Həmin Akta görə isə 1920-ci ildə Rusiya Cümhuriyyətimizi işğal edib, dövlətimiz həmin Cümhuriyyətin varisidir, SSRİ-nin təşkili haqqında 1922-ci il 30 dekabr tarixli müqavilənin Azərbaycana aid hissəsi imzalandığı andan etibarsızdır. Deməli, həmin işğalçı dövlətin tarix və ənənələrini bayram etmək yolverilməzdir!
Xatırladıram ki, məsələn, Silahlı Qüvvələr Gününü SSRİ sayağı 23 fevralda qeyd etmirik. Əbülfəz Elçibəyin 1992-ci il tarixli Fərmanına əsasən 1991-ci ildə Azərbaycan ordusunun yaradılması barədə Azərbaycan Ali Sovetinin qərarının qəbul edildiyi tarix – 9 oktyabr, Silahlı Qüvvələr Günü elan edilmişdi. Lakin Ümummilli Liderimiz Heydər Əliyevin 22 may 1998-ci il tarixli Fərmanına əsasən həmin Fərman qüvvədən düşürülmüş və 26 iyun tarixi Silahlı Qüvvələr Günü elan edilmişdir (Elçibəy də bunu dəstəkləmişdi). Bu tarix 26 iyun 1918-ci il tarixdə Azərbaycan Xalq Cümhuriyyətinin Ordusunun yaradılması haqda qərarın qəbulu ilə bağlıdır.
Biz növbəti ildə Ümummilli Liderimizin özünün 100 illik yubileyini qeyd edəcəyik. Heç rəvamıdır ki, belə bir YUBİLEYLƏ bərabər SSRİ-nin repressiv orqanının da “yubiley”ini qeyd edək? Bir sözlə, gəlin Heydər Əliyevin yolunu davam edək: başlanğıc tarixlərimizi Azərbaycan Xalq Cümhuriyyətindən götürək. Və heç bir halda SSRİ tarixlərini rəhbər tutmayaq”
Əkrəm Həsənov saytımıza bildirib ki, ona verilən cavabda heç bir arqumentinə münasibət bildirməyiblər:
Elə sadəcə vurğulayıblar ki, Azərbaycan SSR-də Ali Məhkəmə fəaliyyətinə 1 mart 1923-cü ildə başlayıb, həmin tarix də əsas götürülüb. Yeri gəlmişkən, bu yaxınlarda Ali Məhkəmə öz bəyanatında 13 fevral deyirdi (https://supremecourt.gov.az/post/view/1527). Gəl indi baş aç da bunların “Tarixi Nadir”lərindən…
Yeri gəlmişkən, dünən saxta yubileyin medalları haqda qanun artıq dərc də olunub. Söz verdiyim kimi, Konstitusiya Məhkəməsinə müraciət edərək bu Qanunun Konstitusiyaya zidd hesab edilməsini tələb edəcəyəm. Əvvəl-axır bu qanun ləğv ediləcək və Ali Məhkəməmizin tarixinin ilk Cümhuriyyətimizdən başlanması həqiqəti təsdiq olunacaq. Bunun əksinə təşəbbüs göstərib saxta yubileyə qanun donu geyindirənlər isə ən azı tarix qarşısında cavab verəcəklər”.
Elmar Elnuroğlu
Gununsesi.info