“Batıgöz” ölkənin aparıcı oftalmoloqlarını bir araya gətirdi

  • By admin
  • 24 İyun 2026 08:52

13 iyun tarixində Medco Hospital Group, Biovita Hospital və Batıgöz Sağlamlıq Qrupunun təşkilatçılığı ilə “Kök hüceyrənin oftalmologiyada tətbiqi” mövzusunda seminar və master-klass keçirilib. Gununsesi.info xəbər verir ki, tədbirdə regenerativ tibb, kök hüceyrə terapiyası və oftalmologiyada innovativ müalicə üsulları müzakirə olunub. Seminarın əsas məruzəçisi, oftalmologiya sahəsində kök hüceyrə müalicələri üzrə beynəlxalq səviyyədə tanınan mütəxəssis Professor Dr. Ayşe Öner retina xəstəlikləri və görmə siniri patologiyalarında kök hüceyrə tətbiqlərinin mövcud imkanları, elmi əsasları və gələcək perspektivləri barədə təqdimatla çıxış edib. Professor Dr. Ayşe Öner bildirib ki, kök hüceyrə terapiyası xüsusilə retinitis pigmentoza (gecə korluğu), yaşa bağlı makula degenerasiyası (sarı ləkə xəstəliyi), Stargardt xəstəliyi və bəzi görmə siniri zədələnmələri kimi degenerativ göz xəstəliklərində perspektivli müalicə istiqamətlərindən biri hesab olunur. Seminar zamanı bu müalicələrin yalnız zədələnmiş hüceyrələrin bərpasına deyil, eyni zamanda retinal hüceyrələrin qorunmasına və xəstəliyin inkişaf sürətinin azaldılmasına necə töhfə verdiyi barədə məlumat verilib. Ölkənin aparıcı oftalmoloqlarının iştirak etdiyi tədbirdə kök hüceyrə terapiyasının effektivliyi, pasiyent seçimi, təhlükəsizlik meyarları, uzunmüddətli nəticələr və gələcək tətbiq imkanları ilə bağlı müzakirələr aparılıb, iştirakçıları maraqlandıran çoxsaylı suallar cavablandırılıb. Master-klassın praktiki hissəsində isə Professor Dr. Ayşe Öner tərəfindən üç pasiyent üzərində kök hüceyrə tətbiqi həyata keçirilib. İştirakçılar proseduru canlı izləmək, tətbiqin mərhələləri və klinik yanaşmalar haqqında ətraflı məlumat əldə etmək imkanı qazanıblar. Batıgöz Sağlamlıq Qrupu olaraq oftalmologiyada innovativ yanaşmaların tətbiqini, beynəlxalq təcrübənin ölkəmizə gətirilməsini və həkimlərin elmi inkişafını prioritet istiqamətlərdən biri hesab edirik. Bu kimi tədbirlərlə həm tibbi biliklərin paylaşılmasına, həm də pasiyentlərə təqdim olunan xidmət keyfiyyətinin daha da yüksəldilməsinə töhfə verməyə davam edəcəyik. Firuzə Mahmudova Gununsesi.info