Bakıda həbsdə saxlanılan livanlı ermənidən yeni xəbər var

Livan hökuməti Bakıda həbsdə saxlanılan erməni məhbus Vigen Euljekyanın məsəsi ilə məşğul olmaq qərarına gəlib.

Gununsesi.info xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.

Bildirilib ki, Euljekyanın həyat yoldaşı Linda Euljekyanın prosesə xələl gətirməməsi üçün ondan bir müddət susması və jurnalistlərlə əlaqəni kəsməsi tələb olunub.

Bundan əlavə, Vigenin iki gün əvvəl həyat yoldaşı və uşaqları ilə telefon danışığı olması barədə məlumat var. O, vəziyyətinin eyni olduğunu və əsir mübadiləsinə 3 saat qalmış onun adını niyə siyahıdan çıxarıb yerinə başqa məhbus göndərdiklərini bilmir. Təbii ki, Azərbaycan tərəfi Vigen Euljekyana heç bir izahat verməyib.

Qeyd edək ki, Livan ermənisi Vigen Euljekyan birgə yaşadığı Maral Nacaryan adlı livanlı qadınla 2020-ci ildə imzalanmış 10 noyabr tarixli bəyanatdan sonra Şuşada saxlanılmışdı.

Onlar Azərbaycan ərazisinə qanunsuz daxil olmuş və ölkəmizin qanunvericiliyini pozan digər hərəkətlərə yol vermişdilər. Hər iki şəxs Azərbaycana qarşı müharibədə Ermənistan tərəfindən iştirak etmişdi.

Vigen Euljekyan 20 il müddətinə azadlıqdan məhrum edilib. Maral Nacaryan isə Azərbaycan tərəfinin nümayiş etdirdiyi humanizm nəticəsində 2021-ci ilin martında azadlığa buraxılıb.

 

 

Gununsesi.info