Baş Prokurorluğun əməkdaşı Avropa İttifaqının maliyyələşdirdiyi tədbirdə iştirak edib

  • By admin
  • 06 Oktyabr 2025 11:31
Avropa İttifaqı və Avropa Şurasının birgə CyberEast+ layihəsi çərçivəsində cari ilin sentyabrın 29 və 30-u tarixlərində Niderland Krallığının Haaqa şəhərində İttifaqın Cinayət Ədliyyəsi üzrə Əməkdaşlıq Agentliyi (Eurojust) tərəfindən seminar keçirilib.
Gununsesi.info-nun xəbərinə görə, sözügedən tədbirdə Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinin Kibertəhlükəsizlik şöbəsinin rəisi Aydın Verdiyev də iştirak  edib.
Seminarın əsas məqsədi Avropa Şurasının Kibercinayətkarlıq üzrə Budapeşt Konvensiyasının İkinci Əlavə Protokolunun müddəaları və mexanizmi barədə biliklərin artırılması, onun icrası prosesində, xüsusən də cinayətlərin araşdırılması və mühakimə olunmasında elektron sübutların transsərhəd mübadiləsində ortaya çıxan çətinliklər və qanunvericilikdəki qeyri-müəyyənliklərin müəyyənləşdirilməsi, eləcə də Avropa İttifaqına üzv və tərəfdaş dövlətlər tərəfindən tətbiq edilən qabaqcıl alətlər və mexanizmlərlə bağlı müsbət təcrübə mübadiləsinin aparılması olub.
Təcrübə mübadiləsi çərçivəsində Aydın Verdiyev ölkəmizdə qeyd edilən sahə üzrə həyata keçirilən islahatlar, habelə Baş Prokurorluğun fəaliyyəti barədə seminar iştirakçılarını məlumatlandırıb.
Azərbaycan Baş Prokurorluğunun təmsilçisinin bu tədbirə qatılması isə maraqla qarşılanıb.
Çünki, bu tədbiri  Avropa İttifaqı maliyyələşdirir. Həmin tədbirdə iştirakçıların təyyarə biletləri, otellərdə gecələmələri də bu təşkilatın maliyyəsi  hesabınadır.
Azərbaycan Baş Prokurorluğunda isə mediada şərti olaraq adlandırılan “QHT İşi” üzrə istintaq gedir. 
Bu istintaq çərçivəsində çoxsaylı QHT rəhbərləri qanunsuz qrant almaq ittihamı ilə  həbs edilib.
Elmar
Gununsesi.info