Bayram Məmmədov suya düşmüş başmağını çıxarmaq istəyirmiş- TÜRK POLİSİ

  • By admin
  • 05 May 2021 17:15

” Bayram Məmmədovun ölümü haqda diplomatik mənbələr məlumatlıdır”.

Gununsesi.info deyir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva deyib. XİN sözçüsü bildirib ki, məsələ araşdırılır, nəşin nə zaman Azərbaycana gətirilməsi məlum deyil.

Bayram Məmmədovun atası Fərman Məmmədov Meydan TV-yə deyib ki, oğlunun hansı şəraitdə öldüyündən məlumatsızdır. O, Türkiyəyə yola düşmək üçün lazımi prosedurları keçir. Atasının sözlərinə görə, oğlu ilə sonuncu dəfə mayın 1-də danışıb. Bayram Məmmədov ailəsinə 1 həftəyə Bakıya qayıdacağını deyib.

Meydan TV-nin İstanbulda olan əməkdaşının sözlərinə görə, fəalın dostları hazırda onun ölüm səbəbini araşdırırlar. Polisin dostlarına verdiyi məlumata görə, hadisə sahil güvənliyinin gözü qarşısında baş verib. “Ayağındakı başmağı suya düşüb, Bayram onu çıxarmaq üçün suya girib və üzüb. Sahil güvənliyi fit çalıb, amma geri qayıtmayıb, boğulub”, – dostları polisə istinadən bildiriblər.

Bayram Məmmədov bir müddət idi ki, Türkiyədə yaşayırdı. Yaxınları onun Avropada təhsil almaq üçün hazırlaşdığını deyirlər. Onun ölümü haqda məlumat mayın 4-də, gecə saatlarında yayılıb.

Dostları deyir ki, mayın 2-dən etibarən gənc fəaldan xəbər ala bilməyiblər. Onun harada olması haqqında məlumatları olmayıb. Axtarış üçün polisə müraciət etdikdə isə onun ölüm xəbərini alıblar. Onun cəsədinə yaxınları tərəfindən baxış keçirilməyib. Yalnız cəsədin fotosu polis tərəfindən dostlarına göstərilib və Bayram Məmmədov olduğu təsdiqlənib.

Gununsesi.info