Bəhruz Bayramov: "Dünyadakı mövqeyimiz üçün insan haqları məsələlərinə də diqqət etməliyik"

  • By admin
  • 21 Avqust 2025 13:46

“Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasından sonra ölkəmizin qarşısında yeni mərhələ dayanır. Bu da Azərbaycanda ciddi şəkildə məhkəmə-hüquq islahatlarının həyata keçirilməsidir”.

Bunu Gununsesi.info-ya açıqlamasında tanınmış vəkil Bəhruz Bayramov Azərbaycan-ABŞ münasibətlərində yaranan yeni mərhələ haqqında suala cavabında deyib.

Qeyd edək ki, Azərbaycanın rəsmi təbliğatında ABŞ-ilə ölkəmiz arasındakı gərginliyin arxada qaldığı və münasibətlərdə yeni mərhələ başlandığı deyilsə də, lakin ABŞ Dövlət Departamenti insan haqlarının durumuna görə ölkəmizi yenə tənqid edib.

Bəhruz Bayramov isə xatırladır ki, ABŞ-nin xarici siyasəti təhlükəsizlik, enerji və demokratiyaya söykənir: “Ona görə də düşünmək olmaz ki, ABŞ Azərbaycanda insan haqları mövzusunu ümumiyyətlə, unudacaq. Ola bilər ki, müəyyən bir mərhələdə bu, arxa planda qalsın. Amma bu əbədi mümkün deyil. ABŞ-nin dünyada qüdrəti onun demokratiyaya dəstəyinə görədir. Ona görə də hesab edirəm ki, hər şeydən əvvəl özümüz üçün məhkəmə-hüquq islahatlarına başlamalıyıq.

Bunu nə ABŞ-yə, nə də Avropa İttifaqına görə yox, məhz dövlətimizin gələcəyi üçün etməliyik. Azərbaycanda neft dönəmi bitəcək. Ölkəyə ciddi sərmayə lazımdır. Məhkəmə sistemi olmayan ölkəyə isə sərmayə qoyulmur”. 

Bəhruz Bayramov hesab edir ki, Azərbaycan ilk növbədə siyasi məhbus problemini həll etməlidir:

Bu, bizə ciddi problem yaradır. Bu insanların həbsdə qalması hökumət üçün heç bir təhlükə doğurmur. Ona görə də bu məsələni birdəfəlik həll etməliyik. Bu gün özünün suverenliyini bərpa edən Azərbaycan çox güclüdür. Amma dünyadakı mövqeyimiz üçün insan haqları məsələlərinə də diqqət etməliyik”.

 

Afət Abbasova

Gununsesi.info