Beynəlxalq Məhkəmə Ermənistanın ümidlərini doğrultmadı -Cavanşir Feyziyev yazır

  • By admin
  • 10 Dekabr 2021 10:03

44 günlük müharibə nəticəsində Azərbaycan BMT TŞ-nın Qətnamələrini həyata keçirərək 30 ilə yaxın işğal altında qalan torpaqlarını erməni işğalından azad etdi. Dövlət erməni vandalları tərəfindən darmadağın edilmiş, qarət edilmiş ərazilərimizi bərpa etmək üçün bütün gücünü səfərbər edib yeni quruculuq işlərinə başladı. Tarixində ən ağır məğlubiyyətə uğramış Ermənistan üçün isə daha ağır sınaqlar dövrü başlandı.
Uzun illər yenilməzlik haqqında miflərlə bəslənən irqçi-türkofob erməni cəmiyyətinə təslim aktını həzm etdirmək, puça çıxmış xəyalları unutdurmaq və eyni zamanda Azərbaycanın post-müharibə dövrü üçün irəli sürdüyü şərtləri yerinə yetirmək Ermənistan hakimiyyətini çıxılmaz vəziyyətə saldı. Yeni yaranmış reallığı qəbul edib qonşularla münasibətləri normallaşdırmaq əvəzinə ermənilər gah hərbi revanş, gah da inkarçılıq yolunu tutmağa səy göstərdilər. Azərbaycanın tələblərini yerinə yetirməmək üçün Ermənistan sərhədyanı bölgələrdə təxribat törətmək və mümkün olan və olmayan bütün bəhanələrlə beynəlxalq təşkilatlar və eləcə də Beynəlxalq Ədalət Məhkəməsi qarşısında Azərbaycana qarşı əsassız iddialar qaldırmaqla 9 noyabr 2020-ci il Üçtərəfli Bəyanatın tələblərini yerinə yetirməkdən yayınmağa çalışdı. Belə cəhdlərdən biri də bu ilin sentyabr ayında Ermənistanın Beynəlxalq Məhkəmədə Azərbaycana qarşı qaldırdığı iddia idi.
Ermənistanın müraciətində “Hər cür diskriminasiya növlərinin ləğv olunması haqqında Beynəlxalq Konvensiyanın” Azərbaycan tərəfindən pozulduğu iddia olunur, bütün erməni “əsirlərinin” dərhal azad olunması, Bakıda açılmış Hərbi Qənimətlər Parkının bağlanması və “ermənilərə qarşı milli nifrətin qızışdırılmasına son qoyulması” və eləcə də azad olunmuş ərazilərdə “erməni tarixi- mədəni abidələrini” ziyarət etmək üçün lazımi şərait yaradılması haqqında tələblər irəli sürülmüşdü. Bu günlərdə Haaqa məhkəməsi Ermənistanın müraciətinə baxaraq onun iddialarına rədd cavabı verdi. Üstəlik, Azərbaycana qarşı revanş çağırışlarının qarşısının alınması ilə bağlı Ermənistan hakimiyyəti üzərinə məsuliyyət də qoyuldu.
Məhkəmədən sonrakı ilk gündə erməni mətbuatının şərhçiləri məhkəmə qərarını müxtəlif istiqamətlərdə öz xeyirlərinə yozmağa çalışsalar da daha sonra məhkəmə qərarından məyusluqlarını gizlədə bilmədilər. Beləliklə, növbəti dəfə Ermənistan hakimiyyətinin və diasporasının müxtəlif beynəlxalq təşkilatlar vasitəsilə Azərbaycana təzyiq etmək planları iflasa uğradı. Dekabrın 15-də Azərbaycan və Ermənistan rəhbərləri arasında Brüsseldə keçiriləcək görüş ərəfəsində Paşinyanın öz mövqeyini qismən də olsa möhkəmləndirmək cəhdi boşa çıxdı. Amma görüş gününə qədər erməni ideoloqlarının düşünüb-daşınıb ölkəmizə qarşı yeni iddialar uydurmayacağına da zəmanət yoxdur.
Bütün bunları izlədikcə erməni inadkarlığına və həyasızlığına heyrətlənməmək olmur. Bütün yazılmış və yazılmamış qayda-qanunlara görə, qonşu ölkənin torpaqlarını işğal edib etnik təmizləməyə məruz qoymuş və sonra döyüş bölgəsində biabırsızlıqla məğlub olmuş bir ölkənin idarəçiləri nəhayət öz günahlarını etiraf edib sivil dünyanın qanunları ilə yaşamağa qərar verməli idi. Amma Ermənistan siyasətçiləri hələ də öz beynəlxalq siyasət strategiyalarını orta əsrlər qanunları ilə müəyyənləşdirirlər. Yeni müttəfiqlər tapmaq və Azərbaycana siyasi-diplomatik təzyiqləri artırmaq ümidi ilə bölgədə sülhyaratma proseslərini ləngitməyə çalışan Ermənistan hakimiyyəti hələ də Azərbaycanla sərhədlərin delimitasiya və demarkasiya işlərinə başlamağa tələsmir, 9 noyabr 2020-ci il Bəyanatının 9-cu bəndində nəzərdə tutulan Zəngəzur dəhlizinin açılması ilə bağlı müvafiq addımları atmır. Lakin bütün bu ümidlər əbəsdir. Yeni reallıqların Azərbaycan üçün yaratdığı yeni imkanların fonunda ordusu məhv olmuş və iqtisadiyyatı defolt səviyyəsinə yaxınlaşan Ermənistan siyasi – iqtisadi dalana dirənmiş vəziyyətdədir. Bu dalandan çıxmağın yeganə yolu isə dəfələrlə deyildiyi kimi, bütün qonşu dövlətlərlə, o cümlədən, ilk növbədə Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaqla mahiyyətcə yeni müstəqil Ermənistan dövlətinin qurulmasına başlamaqdan keçir. Ermənistan siyasi dairələrinin bu həqiqəti dərk etməsi ilk növbədə erməni xalqının gələcək taleyi baxımından önəmlidir. Lakin yaranmış pat vəziyyətindən sui-istifadə etməklə ayrı-ayrı klanların Paşinyan hökümətini devirmək və siyasi hakimiyyətə yiyələnmək uğrunda apardığı gərgin mübarizə Ermənistanda hələ də reallığın dərk olunmadığını göstərir. Bu gedişlə XXI əsrin erməni tayfasının növbəti kütləvi köç əsri kimi tarixə düşmək fürsəti var.
Azərbaycanı isə tamamilə fərqli bir gələcək gözləyir. Ölkəmizdə yaşayan bütün millətlərin və xalqların Azərbaycan adlı böyük bir ailədə xoşbəxt gələcək qurmaq perspektivi qarşısında artıq heç bir maneə qalmayıb. İşğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur bölgələrində sürətlə aparılan bərpa-yenidənqurma işləri tezliklə məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmasını təmin edəcək. Azad edilmiş ərazilərdə iqtisadi fəallığın bərpa olunması isə Azərbaycan iqtisadiyyatının inkişafını və nəticə etibarilə vətəndaşların sosial rifah vəziyyətinin daha da yaxşılaşmasını gətirib çıxaracaq. Ermənistanın iradəsindən asılı olmayaraq sərhədlər də müəyyənləşəcək və Zəngəzur dəhlizi də fəaliyyətə başlayacaq. Uduzan yenə də Ermənistan olacaq.
Cavanşir Feyziyev
9 dekabr 2021-ci il.

Gununsesi.info