Müsavat Partiyası 2024-cü il üzrə maliyyə hesabatını Mərkəzi Seçki Komissiyasına təqdim edib.
Gununsesi.info-nun xəbərinə görə, partiyanın hesabatında qeyd olunur ki, ötən il dövlət büdcəsindən 40 min manat maliyyə yardımı alınıb.
Bundan əlavə, partiyanın gəlirləri arasında 20 min manat ianə də yer alıb.
Sənədə əsasən, hesabat dövründə üzvlük haqlarından hər hansı gəlir əldə olunmayıb.
Xatırladaq ki, 2024-cü ildə hökumətyönlü media orqanlarında Müsavat Partiyasının dövlət büdcəsindən maliyyələşdirilməyə başlaması barədə məlumatlar yayılmışdı.
Həmin xəbərlərdə Azərbaycanda fəaliyyət göstərən və parlament seçkilərində iştirak etmiş siyasi partiyaların dövlət maliyyəsi almağa başladığı bildirilirdi.
Müsavat Partiyasının təqdim etdiyi son maliyyə hesabatı da partiyanın dövlət büdcəsindən vəsait aldığını təsdiqləyir.











