Milli Məclisdə “Media haqqında” qanuna təklif olunan dəyişikliklər müzakirə olunub. Müzakirələr zamanı çıxış edən deputat Razi Nurullayev təqdim olunan qanun layihəsini ümumilikdə müsbət qiymətləndirərək dəstəklədiyini bildirib.
Gununsesi.info-nun xəbərinə gör, o qeyd edib ki, yeni yaradılması nəzərdə tutulan Media və Yayım Şurasının səlahiyyətlərinin dövrün tələblərinə uyğunlaşdırılması media sahəsində idarəetmənin daha sistemli şəkildə qurulmasına xidmət edəcək.
R.Nurullayev dövlətin son illərdə media sektoruna göstərdiyi dəstəyi yüksək qiymətləndirib. Onun sözlərinə görə, media subyektlərinin bir sıra vergilərdən azad edilməsi düzgün addımdır və bu, media qurumlarının iqtisadi sabitliyini gücləndirməyə, onların əsas diqqətini keyfiyyətli jurnalistikaya yönəltməyə imkan yaradır.
Deputat bununla yanaşı, media sahəsində növbəti mərhələyə keçidin vacibliyini vurğulayıb. O bildirib ki, inkişaf etmiş ölkələrdə media yalnız reklam gəlirləri hesabına deyil, həm də müxtəlif şaxələndirilmiş biznes modelləri vasitəsilə fəaliyyət göstərir.
R.Nurullayev qeyd edib ki, beynəlxalq təcrübədə podkastlar, sənədli filmlər, rəqəmsal platformalar üçün xüsusi kontent, analitik hesabatlar, ödənişli abunə sistemləri, təlim proqramları və digər multimedia məhsulları media qurumları üçün mühüm gəlir mənbəyinə çevrilib.
O, “The New York Times”, BBC və “Financial Times” kimi nüfuzlu media qurumlarının rəqəmsal abunə, proqram satışı və analitik xidmətlərdən əldə etdikləri gəlirləri nümunə göstərib.
Deputat həmçinin vurğulayıb ki, qanunun icrası mərhələsində Media və Yayım Şurasının əsas istiqamətlərindən biri media subyektlərinin yeni biznes modellərinin formalaşdırılmasına dəstək olmalıdır. Onun fikrincə, beynəlxalq ekspertlərin iştirakı ilə təlimlər keçirilməli, media menecerlərinə rəqəmsal məhsulların hazırlanması, süni intellektin tətbiqi, müəllif hüquqlarının kommersiyalaşdırılması və beynəlxalq bazarlara çıxış imkanları öyrədilməlidir.
R.Nurullayev sonda bildirib ki, məqsəd yalnız mediaya dəstək vermək deyil, onun iqtisadi cəhətdən dayanıqlı və güclü bir sektora çevrilməsidir. Onun sözlərinə görə, güclü iqtisadi baza media qurumlarının peşəkarlığını artırır və cəmiyyətə daha keyfiyyətli xidmət göstərməsinə şərait yaradır.












