“Bu seçki türkəfobiyanın mövcud olduğu ölkələrə bir növ demokratiya dərsi oldu” -Məlahət İbrahimqızı

  • By admin
  • 16 May 2023 19:15

Milli Məclisin deputatı Məlahət İbrahimqızı Türkiyə prezidentliyinə və parlamentinə keçirilən seçkilərlə bağlı Gununsesi.info-nun sualını cavablandırıb.

Məlahət xanım bugünlərdə Azərbaycanda yaşayan və işləyən türk vətəndaşlarının Türkiyədə keçirilən seçkilər üçün TC-nin Azərbaycandakı konsulluqlarında təşkil olunmuş səsvermədə iştirakı ilə bağlı müxtəlif məlumatlar yayılıbdır. Bu haqda sizin fikirlərinizi bilmək istərdik.

– Öncə onu demək istərdim ki, 14 mayda qardaş Türkiyədə keçirilən seçkilər dünyaya bir daha sübut etdi ki, türk xalqı və onun dövləti demokratik dəyərlərə necə sadiqdir. Bu seçkini, bir demokratiya bayramı, demokratiya festivalı da adlandırmaq olardı. Dünyada hətta güya ən demokratik dövlət sayılan ölkələrdə belə bu qədər seçici fəallığı, iştirakı və azad, şəffaf seçki keçirilməyibdir. Bu seçki türkəfobiyanın mövcud olduğu ölkələrə, eləcə də təşkilatlara, mətbuata bir növ demokratiya dərsi oldu. Sizin sualınıza da cavab olaraq, seçki ilə bağlı mənim də diqqətimi bir şey çəkdi.

Belə ki, Türkiyə Cumhuriyyətinin YSK açıqlamalarında xarici ölkələrdə çalışan və yaşayan türk vətəndaşların səsverməsi haqqında məlumat da verilmişdi. Diqqətçəkən məqamlardan biri də o idi ki, Azərbaycanda olan səsvermə hüquqlu təxminən on bir minə yaxın türk vətəndaşı-seçici olsa da, TC-nin Bakıdakı Konsulluğunda təşkil edilmiş səsvermədə onların yarıdan bir az çoxu səsvermədə iştirak edibdir. Bildiyim qədər onların az bir qismi Türkiyədə səsverməyə gediblər, amma qalanları səsverməyə gəlməyiblər. Çox təəssüf ki, onların içərisində bir çoxu Erdoğanın seçilməsinin təkcə Türkiyə üçün deyil, Azərbaycan üçün, Türk dünyası üçün, eləcə də İslam dünyası üçün beka məsələsi, prinsip və təəssüf məsələsi olduğunu bilsələr də Azərbaycanı Türk dünyası xəritəsindən kənar edən, türk dünyası üçün strateji əhəmiyyətli olan,xüsusən Azərbaycanla Türkiyəni birləşdirən Zəngəzur dəhlizini inkar edən CHP-nin başkanına və ya erməni terrorçuları ilə iş birliyində olan HDP-yə səs veribdir. Hətta Türkiyə vətəndaşı olan seçmənlər Azərbaycanda yaşasalar da, Azərbaycanda çörək pulu qazansalar da, Azərbaycan xalqının əksəriyyətinin və eləcə də möhtərəm Prezidentimiz cənab İlham Əliyev davamlı olaraq açıq-aşkar hörmətli Rəcəb Tayyib Ərdoğanı dəstəkləyən fikirlər səsləndirsə də onlar yenə də Cumhur İttifaqının namizədlərinə səs verməyiblər. Hesab edirəm ki, bu demokratiya və ya söz azadlığı deyil. Bu açıq-aşkar Azərbaycan dövlətinin Prezidentinin və Azərbaycan xalqının iradəsinə qarşı hörmətsizlikdir. Necə ki, Ünal Çevikgöz kimi siyasətçilər 44 günlük Vətən müharibəsində ermənipərəst mövqe sərgilədi. Bu insanlar hətta Azərbaycanın milli maraqlarını və Azərbaycan ictimaiyyətinin həssasiyyətini belə nəzərə almadılar. Hesab edirəm ki, onların kimliyini ictimaiyyət bilməlidir. Və dünyada baş verən kürəsəl təhlükələr fonunda hər kəsin düşüncəsində “Türkiyə üçün, Türk dünyası üçün Müslümanlar üçün səs verək” fikirləri olmalıdır.

Gununsesi.info