Bütün dünyanın gözlədiyi Amerikadakı prezident andiçməsi haqqında MARAQLI FAKTLAR

  • By admin
  • 21 Yanvar 2021 11:33

Amerikalılar hər dörd ildən bir inaqurasiya mərasimində Amerika demokratiyasının əlamətdar simvollarından biri olan hakimiyyətin dinc yolla ötürülməsinin şahidi olur. Yanvarın 20-də bütün diqqətlər ABŞ-ın 46-cı prezidenti kimi and içəcək keçmiş vitse-prezident Co Baydenə yönələcək. İnaqurasiya günü Amerikanın sarsılmaz özünü idarəetmə idealının təsdiqi hesab edilir. Ölkənin yeni lideri idarə olunanların razılığı ilə hakimiyyətdə idarəetmə səlahiyyətini aldıqdan sonra and içir.

 

Yeni ton müəyyən edilir

Yeni prezidentlər hakimiyyətdə dönəmə qarşıdakı dörd il üçün tonun müəyyən edildiyi çıxışla başlayır.

Ağ Evin Tarix Assosiasiyasının vitse-prezidenti Kolin Şoqan bunun “Amerikanın yenilənməsi üçün real bir fürsət” olduğunu deyir.

“Bu, prezidentin özünü xalqa ilk dəfə olaraq təqdim etməsidir və onun bunu bir daha etmək imkanı olmayacaq. Yəni bu, Amerika tarixində çox vacib bir andır”, o bildirib.

İnaqurasiya çıxışı zamanı işlədilən bəzi ifadələr o qədər yaxşı səslənir ki, Amerika leksikonunun bir hissəsinə çevrilir.

1933-cü ildə Franklin D. Ruzveltin “qorxmalı olduğumuz tək şey qorxunun özüdür” ifadəsi bunlardan biridir.

1961-ci ildə isə Con F. Kennedi bu sözləri demişdi: “Ölkənizin sizin üçün nə edə biləcəyini soruşmayın, sizin ölkəniz üçün nə edə biləcəyinizi soruşun”.

 

 

“İnaqurasiya nitqi yeni prezidentin fikirləri, ideologiyası, üslubunu və tonunu təcəssüm etdirir” – deyə, Corc Vaşinqton Universitetində siyasi tarixçi Matt Dallek bildirir.

Bəzi inaqurasiya nitqləri siyasi landşafta uzunmüddətli təsir göstərir. Ronald Reyqanın “hökumət problemimizin həlli deyil, hökumət özü problemdir” deməsindən 40 il sonra da Respublikaçılar federal hökumətin məhdudlaşdırılmasına dair ritorikanı davam etdirir.

 

Yadda qalan anlar

İstər Ronald Reyqanın federal hökumətin məhdudlaşdırılmasına dair çağırışı, istərsə də 2009-cu ildə Barak Obamanın Amerikanın ilk qaradərili prezidenti kimi andiçmə mərasimi olsun, bəzi inaqurasiya mərasimləri daha çox yadda qalır.

“Həmin anlar xalqın yaddaşında həkk olunur, çünki onlar ölkə və həmin dövr haqda daha fundamental bir şeyi əks etdirir”, Corc Vaşinqton Universitetində siyasi tarixçi Matt Dallek bildirir.

2021-ci il inaqurasiya mərasimi Kaliforniya senatoru Kamala Harrisin ABŞ-ın vitse-prezidenti kimi and içən ilk qadın və ağ olmayan şəxs olacağı üçün əlamətdar bir andiçmə mərasimidir.

ABŞ-ın ilk prezidenti olan Corc Vaşinqton ən qısa inaqurasiya nitqini söyləyib. Onun 1793-cü ildə etdiyi çıxış cəmi 135 sözdən ibarət idi. Villiam Henri Harrison 1841-ci ildə ən uzun inaqurasiya nitqi ilə çıxış edib. Onun çıxışı 8455 sözdən ibarət idi. Bu, həm də faciə ilə bitmişdi.

68 yaşlı Harrison o dövrdə prezident seçilən ən yaşlı insan idi. O, enerjili olduğunu və idarə etməyə hazır olduğunu sübut etmək üçün havanın soyuq olmasına baxmayaraq, bir saat sürən uzun nitqlə çıxış etmişdi. Həmin axşam xəstələnəndən bir ay sonra Harrison vəfat etmişdi. O, tarixdə hakimiyyətdə ən qısa müddət olan ABŞ prezidenti olaraq qalır.

 

İnaqurasiya mərasimləri və simvollar

 

Zaman keçdikcə bu sadə inaqurasiya mərasimləri daha təmtəraqlı keçirilməyə başlayıb.

1809-cu ildə gənc respublikada hələ də milli kimliyin formalaşdırıldığı dövrdə Ceyms Madison inaqurasiya zamanı ipək corablarına qədər geyiminin bütünlüklə Amerikada istehsal edildiyinə çalışmışdı.

Duayt Eyzenhauerin 1953-cü və 1957-ci illərdə inaqurasiya paradları zamanı Amerikanın hərbi qüdrəti nümayiş etdirilib.

“1865-ci ildə Abraham Linkoln ikinci inaqurasiyasında ilk dəfə olaraq açılış paradına afro-amerikalıları dəvət etmişdi” – deyə, Ağ Evin Tarix Assosiasiyasının vitse-prezidenti Kolin Şoqan bildirir.

“1917-ci ildə Vudro Vilsonun ikinci andiçmə mərasimi zamanı qadınlar ilk dəfə olaraq açılış paradında iştirak etmişdi”, o əlavə edir.

Televiziyanın yaranması ilə inaqurasiya mərasimlərində vizual effektlərin əhəmiyyəti artmağa başlayıb. Ancaq eyni zamanda, bunun prezidentin öhdəliklərinin artmasında da rolu var.

Corc Vaşinqton Universitetində siyasi tarixçi Matt Dallekin bildirdiyinə görə, xüsusilə də Birinci və İkinci Dünya Müharibələrindən sonra “prezidentlik daha böyük bir vəzifəyə çevrilib” və gözləntilər də artıb. “Prezidentin vəzifələri və məsuliyyətləri artdıqca, fikrimcə, biz inaqurasiya mərasimlərinin də təntənələr və paradlarla müşayiət olan böyük tədbirlərə çevrildiyinin şahidi oluruq”, o əlavə edir.

Pandemiya nəticəsində bu il inaqurasiya tədbirlərinin çoxu məhdudlaşdırılsa da, COVID-19 ölkədə Amerika demokratiyasının dayanıqlığının təntənə edilməsinə mane olmayacaq.

Gununsesi.org