D vitanini: Niyə bütün dünya ondan danışır?

Bəlkə də son illərin ən çox analiz edilən vitamini məhz D vitaminidir.

Onun haqqında o qədər danışılır ki, mövzu sanki dəbə çevrilib.

Xüsusilə də artıq çəkidən əziyyət çəkən insanlar analiz cavablarını göstərdikdə çox vaxt ilk eşitdikləri cümlə belə olur: Səndə D vitamini çatışmır.

Hətta zamanla bu mövzu ətrafında müxtəlif miflər də yaranıb.
Məsələn, bəziləri D vitamininin yalnız günəş vasitəsilə və xüsusən də əllərdən sintez olunduğunu düşünür.
Digərləri isə hesab edir ki, D vitamini azdırsa, arıqlamaq mümkün deyil.

Bəs bu fikirlər nə dərəcədə doğrudur?

D vitamini həqiqətən niyə bu qədər vacibdir?

Niyə bu gün milyonlarla insanda onun çatışmazlığı aşkarlanır?

Əgər onu günəşdən sintez ediriksə, niyə günəşli ölkələrdə yaşayan insanlarda da D vitamini azlığına rast gəlinir?

Gəlin bu mövzuya səthi deyil, elmi baxımdan yanaşaq.
Bir çoxumuz D vitaminini yalnız “sümük vitamini” kimi tanıyırıq.

Lakin elmi baxımdan D vitamini hormon kimi fəaliyyət göstərən maddədir.

Bədənimizin demək olar ki, bütün hüceyrələrində onun reseptorları yerləşir.
Bu isə onu göstərir ki, D vitamini təkcə sümüklərə deyil, immun sisteminə, əzələlərə, beyinə, ürəyə və maddələr mübadiləsini idarə edən bir çox prosesə təsir edir.

Əslində insan orqanizmi min illər boyu D vitaminini normal şəkildə sintez edib.

Gəlin baxaq, bədən D vitaminini necə hazırlayır?
İnsan dərisində xolesterindən yaranan xüsusi maddə var.
Dəri kifayət qədər günəş şüaları aldıqda bu maddə əvvəlcə D3 vitamininə çevrilir.

Lakin günəşdən gələn bütün şüalar D vitamini yaratmır. Bunun üçün UVB adlanan xüsusi ultrabənövşəyi şüalar lazımdır.

Yalnız bu şüalar dərimizin üst qatına düşdükdə, orada olan 7-dehidroxolesterol adlı maddəni D3 vitamininin ilkin formasına çevirir.

Sonra D3 vitamini qan dövranı ilə qaraciyərə daşınır və burada ilk dəfə emal olunur.

Daha sonra böyrəklərə çatır və orqanizmin istifadə edə biləcəyi aktiv formaya çevrilir.

Məhz bu aktiv forma immun sisteminə, əzələlərə, sümüklərə və digər orqanlara təsir göstərir.

Deməli, D vitamini sintezi təkcə günəşdən asılı deyil.
Bu prosesin normal getməsi üçün sağlam dəri ilə yanaşı, qaraciyərin və böyrəklərin də normal fəaliyyət göstərməsi vacibdir.

D vitamininin yalnız əllərdən sintez olunmasına gəlincə, bu, elmi əsası olmayan geniş yayılmış miflərdən biridir.

Bəs bu fikir haradan yaranıb?

Keçmişdə insanlar, xüsusilə isti iqlimdə yaşayanlar, günəşin yandırıcı təsirindən qorunmaq üçün bədənlərinin böyük hissəsini örtürdülər. Açıq qalan nahiyələr isə əsasən əl və qismən üz olurdu.

Bu müşahidə zamanla yanlış bir inanca çevrilərək “D vitamini yalnız əllərdən alınır” fikrini formalaşdırdı.

Əslində isə vacib olan əl deyil, günəş şüalarının düşdüyü açıq dəri səthinin miqdarıdır.

Yəni açıq dəri sahəsi nə qədər çox olarsa, uyğun şəraitdə D vitamini sintezi də bir o qədər səmərəli ola bilər.

Unutmayaq ki, orqanizm D vitaminini sonsuz miqdarda sintez etmir.
Ehtiyacını ödədikdən sonra sintez azalır və ya dayanır.

Bəs D vitamini çatışmayanda arıqlamaq mümkündürmü?

Bildiyimiz kimi, D vitamini yağda həll olan vitamindir.
Artıq piy toxuması onun bir hissəsini özündə saxlayır.
Nəticədə qanda dövr edən D vitamininin səviyyəsi aşağı düşür.
Məhz buna görə piylənməsi olan insanlarda D vitamini çatışmazlığına daha tez-tez rast gəlinir.

Arıqlamağa gəldikdə isə qısa cavab: Bəli, mümkündür.

Elmi tədqiqatlar göstərir ki, D vitamini çatışmazlığı arıqlamağı qeyri-mümkün etmir, lakin bu prosesi çətinləşdirə bilər.

Bunun bir neçə səbəbi var.
D vitamini çatışmazlığı olan insanlarda əzələ zəifliyi, yorğunluq və fiziki performansın azalması daha çox müşahidə oluna bilər.

Bu isə insanın daha az hərəkət etməsinə, enerji sərfiyyatının azalmasına və nəticədə arıqlama prosesinin ləngiməsinə səbəb ola bilər.

Bəzi tədqiqatlar D vitamini çatışmazlığının insulin həssaslığına və maddələr mübadiləsinə də mənfi təsir göstərə biləcəyini göstərir.

Lakin burada bir məqamı xüsusilə vurğulamaq lazımdır.
D vitamini arıqladan vasitə deyil.

Onun çatışmazlığını aradan qaldırmaq təkbaşına çəkinin azalacağı anlamına gəlmir.

Arıqlamanın əsasını yenə də düzgün qida ardıcıllığı, kalori balansı, fiziki aktivlik, keyfiyyətli yuxu və sağlam həyat tərzi təşkil edir.

D vitamini isə bu proseslərin normal işləməsinə dəstək verən vacib amillərdən biridir.

Vacib xəbərdarlıq:
D vitamini çatışmazlığı arıqlama prosesini çətinləşdirə bilər deyə, heç bir halda özbaşına D vitamini qəbul etmək düzgün deyil.

Onun həm çatışmazlığı, həm də normadan artıq olması sağlamlıq üçün risk yarada bilər.

Yüksək dozada və nəzarətsiz qəbul qanda kalsiumun artmasına, böyrəklərə yük düşməsinə və digər fəsadlara səbəb ola bilər.
Ona görə ən doğru yanaşma əvvəlcə analiz vermək, daha sonra isə D vitaminini yalnız həkimin təyin etdiyi doza və müddətə uyğun qəbul etməkdir.

İndi isə gələk əsas suala… Axı günəş hər gün çıxır.
Balıq, yumurta, bəzi süd məhsulları və D vitamini ilə zəngin qidalar süfrəmizdə boldur və demək olar ki, hər kəs üçün əlçatandır.

Bəs bu qədər D vitamini çatışmazlığı haradan qaynaqlanır?

D vitamini çatışmazlığının yaranmasında həyat tərzi, yanlış qidalanma, artıq çəki, yaş, bəzi xəstəliklər, qəbul edilən dərmanlar və yaşadığımız mühit böyük rol oynayır.

Gəlin bu səbəblərə bir-bir nəzər salaq.
Son 50–100 ildə insanların həyat tərzi köklü şəkildə dəyişib.

Əvvəllər insanlar günün böyük hissəsini açıq havada keçirirdilər.

Əkinçiliklə məşğul olur, piyada hərəkət edir və günəş şüaları ilə daha çox təmasda olurdular.

Bunun nəticəsində orqanizm D vitaminini təbii yolla kifayət qədər sintez edə bilirdi.
Bu gün isə həyatımız tamamilə fərqlidir.
Səhər evdən çıxırıq, avtomobilə minirik, iş yerində saatlarla qapalı məkanda işləyirik.

Sonra yenidən avtomobillə evə qayıdırıq, günün qalan hissəsini telefon, kompüter və ya televizor qarşısında keçiririk.

Başqa sözlə, günəşli ölkədə yaşasaq da, günəşli həyat yaşamırıq.

Həmçinin, qidalanma vərdişlərinin dəyişməsi və qidaların əvvəlki qədər zəngin olmaması da D vitamini çatışmazlığının artmasına səbəb olan amillərdəndir.

Belə deyək: Problem günəşin olmaması deyil. Problem ondan kifayət qədər faydalana bilməməyimizdir.

Belə bir sual da verilə bilər: “Mən hər gün günəş şüası altında işləyirəm. Bəs niyə D vitaminim aşağıdır?”

Axı məsələ təkcə günəş altında olmaqla bitmir.

Burada günəşin düşmə bucağı və UVB şüalarının gücü, günəşdə qalma saatı, istifadə olunan günəş kremləri, dərinin açıq qalması, dərinin rəngi, yaş, bədən çəkisi, havanın çirkliliyi və digər amillər D vitamininin sintezinə təsir edir.

Buna görə də saatlarla günəş altında qalmaq daha çox D vitamini almaq demək deyil.

Əksinə, həddindən artıq günəş şüalarına məruz qalmaq dəriyə zərər verə bilər.

Nəticə olaraq onu qeyd edək ki, D vitaminini nə bütün problemlərin səbəbi, nə də möcüzə yaradan bir vasitə kimi qiymətləndirmək düzgün deyil.

Lakin onu sağlam həyat tərzindən də ayrı düşünmək olmaz.

Unutmayaq ki, sağlamlıq tək bir vitaminlə deyil, balanslı qidalanma, müntəzəm fiziki aktivlik, keyfiyyətli yuxu və düzgün qurulmuş həyat tərzi ilə formalaşır.

Sonda hər kəsə bir sual ünvanlayaq…

Əgər sizdə nə vaxtsa D vitamini çatışmazlığı aşkarlanıbsa, sizcə bunun əsas səbəbi nə olub?
Maraqlıdır, ən çox hansı səbəb qeyd olunacaq?

 

Elnur Nemətov

Sensey

Gununsesi.info