Darıxıb küçəyə çıxan COVID-19 xəstəsinə bu cəza verildi

  • By admin
  • 03 İyun 2021 13:02

Ötən ilin noyabr ayında evdə darıxdığı üçün çölə çıxan koronavirus xəstəsi 1 il 6 ay ərzində yaşadığı Qəbələ rayonundan kənara çıxa bilməyəcək.

Gununsesi.info  xəbər verir ki, “Yeni Bakı” hotelində texnik işləyən Röyal Qədimli noyabrın 2-də virusa yoluxduğunu bilib. Onun koronavirus testi verməsinə səbəb isə Vətən müharibəsi zamanı hərbi  komissarlığa çağırılması olub. Bakıda işləyən Röyala atası zəng vuraraq bu barədə məlumat verib. Oktyabrın 30-da komissarlıqdan onu koronavirus testi verməsi üçün xəstəxanaya göndəriblər. Testin nəticəsi isə noyabrın 2-də bəlli olub və R.Qədimlinin koronavirus xəstəsi olduğu bildirilib. Ona 14 gün ərzində yaşayış yerini tərk etməmək tapşırılıb.

Lakin o, noyabrın 4-ü, 6-sı və 7-də yaşadığı yeri tərk edərək rayon ərazisində ərzaq mağazalarına və məktəbin futbol meydançasına gedib.

Noyabrın 7-də polislər onun yaşadığı yerə gələrək evdə olub-olmamasını yoxlayıb. R.Qədimlinin anası oğlunun hava almaq üçün gəzməyə çıxdığını bildirib. Bundan sonra sahə rəisi Röyala zəng edəndə onun məktəbin futbol meydançasında olduğunu öyrənib. Polislər onu yaşadığı yerə qaytarıblar.

Röyal Qədimliyə Cinayət Məcəlləsinin 139-1.1 maddəsi ilə ittiham elan olunub.

Təqsirləndirilən şəxs məhkəmədə ifadə verərək bildirib ki, darıxdığı və siqaret almalı olduğu üçün yaşadığı yeri tərk edib: “Siqaret çəkirəm və almaq üçün heç kimi tapa bilmirdim. Bu səbəbdən noyabrın 4-də və 6-da iki dəfə siqaret almağa getdim. Növbəti dəfə isə darıxdığım üçün gəzməyə çıxmışdım, məktəbin futbol meydançasına getdim. Sonra polis əməkdaşları zəng edərək yerimi öyrəndilər və məni evə qaytardılar. Əməlimdən peşmanam və məhkəmədən yüngül cəza təyin edilməsini xahiş edirəm”.

Hakim Abbas Əliyevin sədrliyi ilə Qəbələ rayon məhkəməsində R.Qədimliyə 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. O, bu müddət ərzində elektron qolbaq taxaraq saat 23:00-dan saat 08:00-dək yaşayış yerini tərk etməməlidir. Eyni zamanda cəza müddətində Qəbələ rayonundan ayrıla bilməz. Həmçinin iş yerini dəyişdikdə müvafiq orqanlara müraciət etməlidir.