
“Azərbaycan Qarabağda yaşayan erməni əhalisinə öz vətəndaşları kimi baxır və onların Qarabağdan köçməsini heç zaman təşviq etməyib”.
Bunu Gununsesi.info-ya açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Dunya Miyatoviçin Ermənistan və Azərbaycana səfərinin yekunları ilə bağlı yaydığı açıqlamanı şərh edərkən deyib.
Deputatın sözlərinə görə, Avropa Şurası rəsmisinin açıqlamasında işğaldan azad edilmiş ərazilərimizdə mina təhlükəsindən və itkin düşmüş şəxslərin taleyindən danışsa da, əsas mətni Ermənistanın təəssübkeşliyi üzərində qurub.
“Azərbaycan bu ilin sentyabrın 19-da lokal anti-terror əməliyyatları keçirib. Bu əməliyyatlar Xankəndi şəhərində, Xocalı və Əsgəranda Azərbaycanın suveren hüquqlarının bərpa olunması olub. Əməliyyatların hədəfi uzun illərdən bəri Qarabağda hərbi cinayətlər törətmiş və işğalçılıq aktı həyata keçirən erməni terror dəstələri olub. Azərbaycan heç bir halda Qarabağda yaşayan mülki erməniləri hədəf almayıb. Azərbaycan dövləti ölkə vətəndaşlığını qəbul etməklə bağlı dəfələrlə Qarabağ bölgəsində yaşayan erməni əhaliyə müraciət edib”.
Deputat hesab edir ki, erməni diasporu təşkil etdiyi “kütləvi köç” isterikası ilə dünya ictimaiyyətini aldatmağa çalıb: “Təəssüf ki, Avropa Şurası kimi beynəlxalq təşkilatın rəsmi təmsilçisi ermənilərin ağzı ilə danışır:
“Regiona səfər edən Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Ermənistanın 30 ilə yaxın işğal altında saxladığı Azərbaycan torpaqlarında ermənilərin törətdiyi vandalizm aktlarını görüb. Bu dəhşətli faktlar, o cümlədən ermənilərin Qarabağda törətdiyi qətliamların nəticəsi olaraq üzə çıxan kütləvi məzarlıqlar, Azərbaycanın dini-mədəni abidlərinin dağıdılması, yaxud təhqir olunması onun açıqlamasının əsas mətnini təşkil etməli idi. Təəssüf ki, bu mövqe Avropanın Qarabağda baş verənlərə ikili standartlarla yanaşmasıdır. Bu mövqe Avropa Şurası rəsmisinin simasına bir daha ortaya çıxdı”.
Afət Abbasova
Gununsesi.info