Dövlət şirkətlərinin fəaliyyətində şəffaflıq yoxdur - Etibar Əliyevdən sərt sözlər

Milli Məclisin deputatı Etibar Əliyev parlamentin ötən gün keçirilən plenar iclasında  “2021-ci il dövlət büdcəsinin icrası haqqında” müzakirələrdə iştirak edib.

Gununsesi.info  xəbər verir ki, millət vəkili icra hesabatının daha detallı və əhatəli təqdim edilməsini vacib hesab etdiyini bildirib. Qeyd edib ki, səlahiyyətli qurumlar soruşa bilər ki, nə qədər əhatəli? Bunun cavabını bilmək üçün təsdiqlədiyimiz büdcə layihəsi sənədlərinə baxmaq kifayətdir:

“Parlament dövlət büdcəsini hansı sənədlər, hansı büdcə təsnifatı və göstəricilər üzərindən təsdiqləyib icraya yönəldirsə, icra edilmiş büdcənin hesabatı da eyni formatda təqdim edilməlidir. Bəlkə hansısa xərclərin iqtisadi təsnifatında, funksional təsnifatın köməkçi bölmə və paraqraflarında icra mərhələsində ciddi yerdəyişmələr aparılıb? Deputatların büdcə icrasına nəzarət funksiyası olan qanunverici hakimiyyətin nümayəndəsi kimi bu məqamları ciddi şəkildə analiz edib səbəblərini soruşmağa səlahiyyəti və haqqı yoxdurmu? Parlament üzvlərinin təsdiqlənmiş və icra edilmiş büdcə göstəricilərinin bütün detallarını müqayisə etməsi üçün belə təqdim son dərəcə vacibdir. Məsələn, hər bir deputat öz seçildiyi rayon və ya şəhərin icra edilmiş büdcəsini bu hesabtda görə bilməlidir. Görünməlidir ki, bu rayon və şəhərlərin gəlirləri nə qədər olub və həmin gəlirlər hansı mənbələrdən formalaşıb, xərcləri nə qədər olub və həmin xərclər hansı sahələrə yönəldilib. Bəlkə bizim öz seçildiyimiz ərazidə büdcə məsələlərilə bağlı suallarımız olacaq. Amma bu sulları vermək üçün gərək bizim ilk növbədə ərazinin büdcəsinə dair detallı informasiyamız olsun. Büdcə icrasına dair hesabata büdcə hesabına icra olunmuş bütün investisiya layihələri və onların hər biri üzrə xərclənmiş vəsaitin məbləği barədə məlumat daxil edilməsi də büdcə hesabatlılığa və şəffaflığa mühüm töhfə ola bilər. Məsələn, təhsil sistemi üzrə investisiya xərclərinin həcminin 215 mln. manata yaxın olduğu bildirilir. Bu vəsaitlə neçə yeni məktəb binası tikilib, nə qədəri təmir edilib? Harda aparılıb bu işlər? Daha bir detallı məlumatın universitetlərin maliyyələşməsilə bağlı təqdim olunmasını önəmli sayıram”.

E.Əliyev vurğulayıb ki, onlara təqdim edilən hesabatdan aydın olur ki, 2021-ci ildə bütün dövlət universitetlərinə 370 mln. manat ayrılıb. Həmin məbləğin 312 mln. manatı dövlət sifarişli təhslin maliyyələşdirilməsi üçün məqsədli və ünvanlı vəsaitlər, 48 mln. manatı isə ümimi maliyyələşdirmə məqsədli ayırmadır: “Büdcə hesabatına hər bir universitet üzrə həm dövlət sifarişli, həm də ümumi maliyyələşdirmə çərçivəsində ayrılan vəsaitin əks olunduğu bir informasiya cədvəli əlavə etmək doğrudanmı çətindir? Hələ onu demirəm ki, dövlət universitetləri hər il ödnəişli təhsildən və dövlətdən aldığı vəsaitin tam məbləğini və onların xərclənmə istiqamətlərini detallı əks etdirən hesabatları ictimailəşdirməyə öhdəlik hiss etməlidirlər. Şəffaflıq məsələsində universitetlər bütün qurumlara örnək olmalı olduqları halda, qapalılığın və hesabatsızlığın çox pis nümunələrini yaradırlar”.

Millət vəkili təhsil xərclərindən, təhsil proqramlarının maliyyələşdirilməsindən də danışıb. Qeyd edib ki, ötən il təhsilə 3.2 milyard manata yaxın xərclənən vəsaitin 453 milyon manatının 18 proqrama yönəldildiyi bildirilir: “Hətta bizə təqdim olunan məlumatlarda həmin proqramların adları, hər bir proqram üzrə xərclənən məbləğ və onların çərçivəsində tədbirlərə dair geniş informasiyalar da açıqlanıb. Amma önəmli olan başqa bir məsələdir: dövlət büdcəsinin təhsil funskional bölməsi nəticə əsaslı büdcəyə keçiddə pilot olaraq seçilmiş 3 sahədən biridir. Qeyd olunan 18 proqram nəticə əsaslı büdcə tərtibatına nə dərəcədə inteqrasiya olunub? Həmin proqramların hədəfləri və nəticələrini qiymətləndirməsi üçün hədəf göstərciləri nələrdir? Konkret olaraq 2021-ci ildə ölkənin təhsil sistemi bu proqramlaırn icrasına 453 milyon manat xərclənməsindən hansı nəticələri və benefitləri götürməli idi? Təhsil, səhiyyə kimi sahələrdə cəmiyyət üçün xərclənən vəsaitlərin həcmilə bərabər cəmiyyətin ondan qazadığı faydaları ölçən informasiyalar da xüsusi əhəmiyyət daşıyır”.

Deputat deyib ki, bu məsələdə Hesablama Palatasının məsuliyyəti böyükdür: “Bu tip proqramlmarın səmərəliliyi və nəticəliliyi hər il qiymətləndirilməli və parlament müzakirəsinə çıxarılmalıdır bu proqramlar üzrə hansısa hədəf göstəriciləri müəyyən edilmişdimi, həmin hədəfləri əks etdirən konkret göstəricilər hansılardır, xərcləmələr həmin hədəflərə çatmaq üçün yetərli oldumu? Ümumiyyətlə biz artıq hazırda istifadə olunan və uzun illər dəyişməyən büdcə hesabatlılığı təcrübəsindən təcili qurtarmalıyıq. Məsələn, bizim büdcə hesabatımız təhsil kimi starteji sahəyə xərclənən vəsaitlərin həcmilə yanaşı həmin xərcləmələrin təhsilin hədəfləri üzrə necə xərcləndiyi və hansı nəticələrin əldə olunduğu formatda tərtib edilməlidir. Aydındır ki, bunun üçün büdcənin proqramlar üzrə tərtibatına keçid prosesi baş verməlidir. Amma bu məsələdə müyyən addımlar atılsa, da proses son dərəcə ləng gedir və bizim ciddi şəkildə vaxt itirdiyimizi düşünürəm. Yeri gəlmişkən, bu təklifimlə dolayısı ilə əlaqəli olan başqa bir təklif də vermək istərdim: yaxşı olar ki, hər bir sahə naziri və ya agentlik rəhbəri gəlib öz icra elədiyi büdcəni özü təqdim eləsin. Bu halda deputatlar konkret sahələrlə büdcə arasında münasibətləri onlarla müzakirə etmək imkanı qazanar, xərcləmələrdə səmərilik və şəffaflıqla bağlı bir çox suallar elə burda aydınlıq gətirmək olar.

Çıxışımı məsul şəxslərə bəzi suallarla bitirmək istəyirəm. Məsələn, Kiçik və Orta Sahibkarlığa Yardım Agentliyinə institusional dəstək üçün 20 mln. manat ayrılıb. Burda konket olaraq institusional dəstək dedikdə nə nəzərdə tutulur, ayrılan vəsait hesabına Agentlik hansı nəticələr əldə etməyi, onun fəaliyyətində hansı dəyişikliyin yaranacağını hədəfləyib ki, həmin dəstəyi büdcədən istəyib?

Yaxud qeyri-neft ixracının təşviqi üzrə 11.2 mln. manat büdcə dəstəyi verilib. Bu dəstəyin konkret mal qrupları üzrə bölgüsü varmı? Hesablama Palatası bu büdcə dəstəyinin səmərəliliyini analiz edibmi? Məsələn, son 5 ili götürsək, konkret mal qrupları üzrə subsidiyalaşmanın effekti təsdiqlənirmi?

Nəhayət, dövlət sektorundan vergi yığımları 2020-ci illə müqayisədə 11% azalıb. AzAL büdcə öhədliyi proqnozunu 60%, Azərenerji 9% kəsirlə icra edib. Pandemiya ilində – 2020-ci ildə bu anlaşıla bilərdi. Bəs iqtisadi fəallığın bərpa edildiyi 2021-ci ildə niyə bu mənzərə yaranıb? Dövlət şirkətləri nəzərdə tutulmuş dividend ödənişlərini də ciddi kəsirlə icra edib. Nədir bunun səbəbi?

Niyə dövlət şirkətlərinin fəaliyyəti effektiv və şəffaf deyil?”

Gununsesi.info