Ekvadorda yanacaq qiymətlərinə etirazlar zamanı prezident Daniel Noboanın kortejinə hücum edilib.
Bu barədə Gununsesi.info CNN-ə istinadən xəbər verir.
Hadisə sentyabrın 28-i axşam saatlarında İmbabura vilayətinin girişində baş verib.
Təxminən 350 nəfər dövlət başçısının kortejini fişəng, molotov kokteyli və daşlarla atəşə tutub. Prezidentin avtomobillərini qoruyan 50-yə yaxın hərbçi hücumu dəf etməyə çalışıb. Karvanda Vatikan diplomatı Andres Karraskosa, Avropa İttifaqının səfiri Yekaterina Dorodnova və İtaliya səfiri Covanni Davoli də olub.
İtaliyanın Ekvadordakı səfirliyi bildirib ki, səfir xəsarət almayıb və hadisəni “terror aktı” kimi qiymətləndirib.
Ölkədə etirazlar artıq səkkizinci gündür davam edir. Aksiyaçıların narazılığı hökumətin dövlət xərclərini azaltmaq, yanacaq qaçaqmalçılığı ilə mübarizə aparmaq və sosial proqramlar üçün vəsait ayırmaq məqsədilə yanacaq subsidiyalarını ləğv etməsi ilə bağlıdır.
Qeyd edək ki, bundan əvvəl Madaqaskar prezidenti Andri Rajoelina da ölkəsindəki etirazlar fonunda hökuməti buraxmışdı.

Firuzə












