Ermənistanın təxribatlarının izi ilə: Qarabağda antiterror əməliyyatı istisna deyil

Mərkəz sədri: “Bölgədə hərbi hazırlığımızın gücləndirilməsi, təlimlər də buna işarə edir ki, Azərbaycan Qarabağda suverenliyini təmin etməyə hazırlaşır”

İyulun 4-ü gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Dəmirçidam yaşayış məntəqəsi istiqamətində yerləşən Ordumuzun mövqelərini iriçaplı silahlardan intensiv atəşə tutub. Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb. Hazırda qeyd olunan istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.

Azərbaycan Ordusunun bölmələri tərəfindən guya dövlət sərhədi istiqamətində qarşı tərəfin atəşə tutulması ilə bağlı Ermənistanın yaydığı məlumatlar yalandır, reallığa uyğun deyil. Bildiririk ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə atəş açılmayıb. Bu qarşı tərəfin növbəti dezinformasiyasıdır.

Hər iki məlumat Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatdır. Birinci məlumat iyulun 4-də, ikinci isə iyulun 5-də yayılıb. Görünən odur ki, Ermənistan Azərbaycanla sülhə gəlməmək, İkinci Qarabağ müharibəsindən sonrakı görüşlərdə, danışıqlarda əldə olunmuş müəyyən razılaşmalardan boyun qaçırmaq üçün təxribatlara əl atmağa başlayıb. Əvvəlcə dövlət sərhədindəki mövqelərimizi atəşə tutmaqla vəziyyəti gərginləşdirməyə çalışıb. Sonra Azərbaycan Ordusunun guya atəş açması haqqında məlumat yaymaqla Azərbaycanı ittiham etməyə, sabitliyi, sülhü istəməyən tərəf kimi göstərməyə çalışıb.

Əslində ötən günlərdə Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanın bu təxribatlara gedəcəyinin anonsunu vermişdi. Baş nazir onlayn mətbuat konfransında “Azərbaycan yeni müharibəyə hazırlaşır” cümləsini işlətməklə törədəcəkləri təxribata zəmin hazırlamaq niyyəti güdürdü.

Ermənistanın sərhəddəki mövqelərimizi atəşə tutması, gərginliyin yaradılmasındakı məqsədi nədir? AYNA-nın mövzu ətrafındakı suallarını Milli Strateji Tətqiqatlar Mərkəzinin sədri Natiq Miri cavablandırıb. Politoloq deyib ki, Ermənistan hazırda sülh müqaviləsini imzalamağa hazır deyil:

– Hazırkı vəziyyətdə Ermənistan rəhbərliyi, başda da Nikol Paşinyan olmaqla, Azərbaycanla yekun sülh müqaviləsini hazırlamağa hazır deyil. Çünki bu, erməni diasporası səviyyəsində və daxildəki müxalif qüvvələr tərəfindən qəbul olunmur. Bakının şərtləri əsasında Azərbaycanla sülh müqaviləsinin imzalamasını Ermənistanı hər zaman ayaqda saxlayan diaspora istəmir. Daxildə isə “Qarabağ klanı”, xüsusilə də revanşist qüvvələr Paşinyan hakimiyyətinə təzyiq göstərir. Paşinyan isə sülh danışıqlarından açıq şəkildə imtina edə bilmir. Çünki öhdəliklər götürüb ki, onların icra edilməsi lazımdır. Nikol hakimiyyəti vəziyyətdən çıxmaq, zaman qazanmaq üçün təxribatlara əl atır. Sərhəddə itkilərə gətirib çıxarmayan, genişlənməsi az ağlabatan atəş açılmasına göstəriş verir.

Digər yandan, Ermənistan ordusunda rəhbərlik Paşinyanın kadrı ilə – Papikyanla əvəzlənsə də, hələ də hiss edilir ki, zabit heyətinin böyük əksəriyyəti Rusiyanın hərbi kəşfiyyat orqanları ilə əlaqəsi olan adamlardan ibarətdir. Onlar da Rusiyanın sifarişi ilə hərəkət edirlər. Bu gün Ermənistan hakimiyyəti orduya birmənalı şəkildə tam nəzarət edə bilmir. Sərhəddə hərbi təxribatlarda həmin qüvvələrin də əlinin olması istisna deyil. Düşünürəm ki, belə hərbi təxribatlar bundan sonra da baş verəcək, davamlı olacaq.

– Təxribatların qarşısının alınması üçün Azərbaycan hansı addımları atmalıdır?

– Azərbaycan lazım olan addımı atır, təxribatlara adekvat cavab verir və Azərbaycan Ordusu bütün təxribatların qarşısını almağa hazır və qadirdir. Rəsmi şəkildə Azərbaycan tərəfindən bu, dəfələrlə elan edilib. Hesab edirəm ki, belə təxribatların qarşısının alınması haqqında Paşinyan düşünməlidir, bilməlidir ki, bu, Ermənistan üçün yaxşı nələrsə vəd etmir. Paşinyan Azərbaycanı yeni müharibəyə hazırlaşmaqda ittiham edərkən dolayısı ilə rəsmi Bakının haqlı olduğunu dedi. O mənada ki, İrəvan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsə, Azərbaycanın hərbi əməliyyatdan başqa yolu qalmayacaq. Bu gün çox strateji yerlərdə – istər Qarabağda, istərsə də Şərqi Zəngəzurda Azərbaycan hərbi baxımdan güclənib. Xüsusi təyinatlılardan ibarət bölmələr və komando briqadaları xidmətə başlayıblar. Bu, Ermənistanı və onun havadarlarını narahat etməyə bilməz. Paşinyanın müharibə ilə bəyanatı da təxminən bu kontekstdə dəyərləndirilməlidir.

– Ermənistanın bu təxribatları davamlı olarsa, bu, genişmiqyaslı hərbi əməliyyatlara gətirib çıxara bilərmi?

– Genişmiqyasılı hərbi toqquşma gözlənilmir. Birincisi, Ermənistanın Azərbaycanla müharibə apara biləcək ordusu yoxdur. İkinci Qarabağ müharibəsində Ermənistan ordusu tamamilə darmadağın edilib. Hərbi texnikası demək olar ki, yox səviyyəsindədir. Ermənistan ordusunun yenidən formalaşdırılması üçün on illərlə vaxt lazımdır. Bu baxımdan, məcbur olub zaman-zaman razılaşmaları icra edəcəklər. Sadəcə bu, Azərbaycana sərf etmir. Rəsmi Bakı tezliklə sülhün əldə olunmasında maraqlıdır. Lakin Qarabağda, Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə Azərbaycan lokal hərbi əməliyyatlar apara bilər ki, bu, istisna deyil. Onu da müharibə yox, öz ərazilərimizdə antiterror əməliyyatı adlandırsaq daha doğru olardı. Ermənistan uzun müddət sülh prosesini sabotaj edəcəksə, üzərinə götürdüyü öhdəliklərin icrasından yayınacaqsa, o zaman Azərbaycanın ərazilərində antiterror əməliyyatı keçirməkdən başqa yolu qalmır. Azərbaycan ərazilərində suverenliyini tam bərpa etmək niyyətindədir. Bölgədə hərbi hazırlığımızın gücləndirilməsi, təlimlər də buna işarə edir ki, Azərbaycan Qarabağda suverenliyini təmin etməyə hazırlaşır.

– Rusiya sülhməramlılarının nəzarət zonasında  antiterror əməliyyatlarına imkan tanıyacaqmı?

– Son zamanlar Rusiya Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması istiqamətində yenidən aktiv siyasət həyata keçirməyə başlayıb. Kreml rəhbərliyi hiss edir ki, Azərbaycan Rusiyanın zamana oynamaq siyasətini qəbul etmir və rəsmi bakı sülhün əldə olunması prosesində aktivləşən Qərbi Rusiyaya alternativ kimi görür. Brüsseldə Azərbaycan və Ermənistan liderləri arasındakı görüşlər, əldə olunan müəyyən razılaşmalar bunu deməyə əsas verir. Bu, Rusiyanın xoşuna gəlmir və intensiv siyasətə vadar oldu. Kreml rəhbərliyi həmmüəllifi olduğu 10 noyabr Üçtərəfli Birgə Bəyanatın bəndlərinin müəyyən qədər icrasına çalışacaq ki, bununla prosesdə dominantlığını saxlasın. Rusiya anlayır ki, dominantlığını itərərsə, “müqəddəs yer” boş qalmayacaq. Üçtərəfli Birgə Bəyanata əsasən icra olunmalı məsələlərdən biri Qarabağdakı erməni silahlı terrorçuların tərksilah edilməsidir. Rusiyanın da başqa yolu qalmayıb. Çünki ya prosesdə Rusiyanı başqa güc əvəzləyəcək ki, bunu Moskva qətiyyən istəmir.

Ümumiyyətlə isə Azərbaycan 44 günlük müharibədə olduğu kimi, bu dəfə də ərazilərində suverenliyinin təmin olunması üçün hərəkətə keçə bilər və bunun qarşısını nəinki Rusiya, heç bir dünya gücü ala bilməz. Çünki ərazilərində antiterror əməliyyatı keçirmək Azərbaycanın hüququdur. Gəlib Azərbaycan ərazisində Azərbaycanla döyüşəcək deyillər ki…

Bu gün regionda iki güc var – Rusiya və Türkiyə. Türkiyənin Azərbaycandakı , Qarabağdakı varlığı bütün dünya gücləri üçün ciddi çəkindirici məqamdır. Ona görə də, Azərbaycan antiterror əməliyyatlarına başlayarsa, heç bir dövlət bu prosesi əngəlləyə bilməyəcək.

Gununsesi.info