Xəstəxanalarda kəsilən insan orqanları hara göndərilir?

Bir sıra vətəndaşlar hər hansı travma aldıqdan sonra müalicəsi mümkün olmadıqda xəstəxanalarda onların müvafiq orqanının kəsilməsi məcburiyyəti yaranır.

Həmin kəsilən orqanın taleyi isə gizli saxlanılır.

 Maraqlıdır, həmin orqan sahibinə, yoxsa xəstəxanaya təhvil verilir?

Həkim-terapevt Rasif Bağırov Cebhe.infoya bildirdi ki, çürümə (qanqrena), yaxud hansısa bir səbəbdən ağır travma aldıqdan sonra heç nəyə yaramayan orqanı amputasiya etməyə məcbur olurlar:

“Həmin orqan isə sahibinə verilir ki, aparıb basdırsın. Sahibi qəbul etməyəndə xəstəxana ya özü basdırır, ya da atmalı olur. Əslində vətəndaşların özü alır və aparıb basdırırlar. Xəstəxana onu neynəyəcək? Çünki o artıq heç nəyə yaramayan orqandır”. 

Xatırladaq ki, Xırdalan şəhər qəbiristanlığından kəsilmiş insan ayağı tapılıb. Ötən gün 17:30 radələrində qəbiristanlığın mollası tərəfindən insan ayağı aşkar edilib. Dərhal hadisə yerinə hüquq-mühafizə orqanın əməkdaşları cəlb olunub.

Hadisə yerinə baxış keçirilib, aşkar olunan ayaq ekspertizaya göndərilib. Ayağın büküldüyü göy rəngli parçaların tibbi müəssisələrdə istifadə olunan geyimin parçası olması, həmçinin tənzifin olması ilə müəyyən edilib ki, aşkar olan ayaq cərrahiyə yolu ilə kəsilib. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, xəstəxanalarda kəsilən orqanların taleyi ilə bağlı Səhiyyə Nazirliyindən məlumat almaq istəsək də qurumdan dəqiq cavab ala bilmədik.

Bildirildi ki, istintaqı aparılan məsələlərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət edin.

Gununsesi.info