FHN-dəki iş otağında sevişdiyi qadın Zaur Mirzəyevdən pul tələb edir - AİLƏM DAĞILDI, UŞAQLARIMI ƏLİMDƏN ALDILAR, SIĞINACAQDA YAŞAYIRAM

  • By admin
  • 17 Fevral 2023 17:12

Fövqəladə Hallar Nazirliyindəki (FHN) iş otağında tabeliyindəki qadınlarla intim hərəkətləri gizli şəkildə lentə almaqda ittiham olunan polkovnik Zaur Mirzəyevə qarşı mülki iddia qaldırılıb.

Gununsesi.info-nun xəbərinə görə, həbsdə olan polkovnikin işi üzrə zərərçəkmiş qismində tanınan qadınlardan biri ona dəymiş maddi və mənəvi zərərin əvəzi olaraq 192 min manat tələb edir.

Zərərçəkmişin sözlərinə görə, Mirzəyevin hərəkətləri nəticəsində onun həyatı darmadağın olub – işini itirib, ailəsi dağılıb, uşaqları əlindən alınıb, sığınacaqda yaşamaq məcburiyyətində qalıb.

Məhkəmədə ifadə verən Zaur Mirzəyev özünü qismən təqsirli bilir. O, qadınlarla münasibətlərini gizli şəkildə çəkdiyini təsdiqləsə də, heç kimi heç nəyə məcbur etmədiyini, görüntüləri də özünün yaymadığını bildirib. O, gizli çəkilişləri ünsiyyətdə olduğu qadınların sonradan onu şantaj edəcəkləri ehtimalı ilə “ehtiyat” tədbiri kimi izah edib.

Deyib ki, kompüterində olan həmin görüntüləri qətiyyən yaymaq niyyəti olmayıb.

Çıxışında Mirzəyev, həmçinin onunla bağlı aparılan istintaqdan narazı qalıb.
O deyib ki, araşdırmalar obyektiv və hərtərəfli getməyib.
Xatırladaq ki, sözügedən görüntülər 2022-ci il avqustun əvvəlində sosial şəbəkələrdə yayılıb. Bir neçə gün sonra – avqustun 17-də Zaur Mirzəyev həbs olunub. Ona qarşı CM-nin 156.2.1 (şəxsi həyatın toxunulmazlığını pozma), 242 (pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma) və 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham irəli sürülüb. Bu maddələrdə 8 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Cinayət işinin materiallarında iddia olunur ki, Mirzəyev iş otağındakı kompüterinə xüsusi proqram vasitəsilə video və foto çəkiliş həyata keçirmək üçün gizli kamera quraşdırıb. 2013-cü ildən 2019-cu ilin sonuna qədər xidməti tabeliyində olan qadınlarla münasibətlərini lentə alıb.

 

Mais

Gununsesi.info