“Hərbi üstünlüklərimiz Ermənistanın diplomatiyada hiyləgərliyinə son qoydu” - ƏHLİMAN ƏMİRASLANOV

  • By admin
  • 10 Oktyabr 2020 21:12

Qarabağ müharibəsinin növbəti və ən aktiv fazası elə bundan sonra başlayacaq. On dörd gündə yalnız rəşadətli ordumuz, əsgərlərimiz savaşaraq qələbələr əldə etdiyi kimi, bu gündən artıq biz də savaşa başlayırıq, birliyimizi göstərərək, xalq olaraq, bütün gücümüzlə.

Gununsesi.info xəbər verir ki, bu barədə Trend-ə Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov bildirib.

Akademik deyib: “Humanitar atəşkəsin təmin edilməsi, əslində, münaqişənin həllində birinci mərhələdir. Nəticəsiz danışıqlar, vasitəçilərin əhəmiyyətsiz, əksər hallarda isə ikili standartlara söykənən bəyanatları prosesi ölü nöqtədən tərpətməyə imkan vermirdi. Bu isə işğalçını qane edirdi. Təbii ki, Azərbaycan öz milli məsələsi olan Dağlıq Qarabağ münaqişəsi ətrafında vəziyyətin sona qədər bu cür davam etməsi ilə razılaşa bilməzdi. Hazırda isə münaqişə bölgəsində 30 ildir davam edən status-kvo dəyişdirildi, təmas xətti isə artıq yoxdur. Vəziyyəti Azərbaycan öz siyasi iradəsi və Silahlı Qüvvələrinin gücü hesabına dəyişdi. Bu gün hərbi və siyasi müstəvidə dəyişən status-kvo Ermənistanın işğal siyasətinə ən böyük təzyiqdir. İşğalçı artıq təhlükəsizlik zəmanətindən məhrum olub.

Ermənistanın separatçı qurumu üçüncü tərəf kimi münaqişəyə cəlb etmək istəyi rədd edildi. Bu birmənalı olaraq, Ermənistanın diplomatiyada məğlubiyyətidir. Artıq diplomatik danışıqlar da tam fərqli məcrada davam edəcək. Ən azından Müdafiə Nazirliyinin videolarındakı məhv edilən texnikaları saysaq, məhv edilən erməni əsgərlərini saysaq, Ermənistanın müdafiəsi çox ciddi itkiyə məruz qalıb. Biz indi yeni strateji mövqelərimizdə rahat yerləşməli, vəziyyəti yenidən qiymətləndirməliyik. Dağlıq Qarabağ ətrafında bir neçə vacib strateji mövqelər bizdədir.

Ümumilikdə qeyd etməliyəm ki, bu görüş vacib idi, bizim iştirakımız da vacib idi. Beynəlxalq siyasi səviyyədə olan bütün rəyləri nəzərə alaraq, ermənilərə bu sonuncu şans verilməli idi ki, ermənilər bizim torpaqlardan çıxsınlar. Qoy bütün dünya görsün ki, biz bu şansı verdik. Sonra heç bir bəhanələri olmasın. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin mövqeyi çox aydındır, güclü siyasi qətiyyəti var. Erməni tərəfi işğalda olan torpaqlarımızdan çıxma qrafiki verməli və bu ATƏT Minsk Qrupu ölkələri tərəfindən təsdiq edilməlidir. Çıxmasalar ordumuzun gücünü, qətiyyətimizi bilirlər.

İndiki mərhələdə isə təmas xətti yoxdur. Hər an hər şey baş verə bilər. Bundan sonra aparılacaq danışıqların gedişində şərtləri Azərbaycan müəyyənləşdirəcək və Azərbaycana qarşı hər hansı şərtlərin irəli sürülməsindən söhbət gedə bilməz. Beynəlxalq vasitəçilər və dünya birliyi də anladı ki, Dağlıq Qarabağ Azərbaycanın milli məsələsidir. Kənar təzyiqlərə rəğmən, Azərbaycan rəhbərliyi üçün milli maraqlar ən ali dəyərdir. Artıq uzun illərdir Ermənistan tərəfdən gözardı edilən BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrası üçün zəmin yaranıb. Əminik ki, yaxın zamanlarda biz böyük qələbənin şahidi olacağıq. Qarabağ Qazərbaycandır!”

 

 

Gununsesi.info