Həbsdəki vəkilin şikayətləri niyə araşdırılmayıb?

  • Müəllif: admin
  • 13 Noyabr 2026 08:07

Hazırda həbsdə olan tanınmış vəkil Zabil Qəhrəmanov həbsindən əvvəl Gəncə Şəhər Baş Polis İdarəsində fiziki təzyiqə məruz qaldığını iddia edib.

Gununsesi.info-nun əldə etdiyi sənədlərdən məlum olur ki, vəkil 2022-ci il aprelin 18-də Gəncə Şəhər Prokurorluğuna müraciət edərək aprelin 17-də polis idarəsində başına gələnlərlə bağlı şikayət edib.

Zabil Qəhrəmanov izahatında Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları Xanlar Məmmədov və Piran Rüstəmov tərəfindən fiziki zorakılığa məruz qaldığını, zorla otaqdan çıxarıldığını, pilləkənlərdən itələndiyini və xəsarət aldığını bildirib.

Şikayət əsasında aparılan araşdırma zamanı polis əməkdaşlarının, eləcə də digər şəxslərin izahatları alınıb, məhkəmə-tibbi ekspertizası təyin edilib. Ekspertiza Qəhrəmanovun bədənində yüngül xəsarətlərin olduğunu təsdiqləsə də, araşdırma materiallarında bu xəsarətlərin kim tərəfindən yetirildiyinin müəyyən edilmədiyi qeyd olunub.

Gəncə Şəhər Prokurorluğunun müstəntiqi Yasin Məmmədlinin 5 avqust 2022-ci il tarixli qərarı ilə hadisədə cinayət tərkibi olmadığı əsas gətirilərək cinayət işinin başlanması rədd edilib.

Qeyd edək ki, sənəd vəkil Zabil Qəhrəmanovun polis idarəsində fiziki təzyiqə məruz qalması ilə bağlı şikayəti və həmin şikayət üzrə aparılmış araşdırmanın nəticələrini əks etdirir.