Konstitusiya islahatlarına getməklə parlamentli respublika modelinə keçməliyik - QÜDRƏT HƏSƏNQULİYEV

  • By admin
  • 25 Aprel 2022 19:33
Bu gün Azərbaycanda siyasi islahatlara ehtiyac var. Biz Konstitusiya islahatlarına getməklə parlamentli respublika modelinə keçməli, yerli dövlət hakimiyyət orqanlarının başçıları birbaşa xalq tərərfindən seçilməli, proporsional seçki sistemi bərpa olunmalı, məhkəmə-hüquq islahatları dərinləşdirilməlidir”.
Bunu Gununsesi.info-ya açıqlamasında BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev deyib.
Onun sözlərinə görə, bu islahatlar həm də iqtisadi islahatları qaçılmaz edəcək, bazar iqtisadiyyatına keçidi, iqtisadiyyatın əsas sahələrinin dövlət inhisarından çıxarılmasını təmin edəcəkdir:
”İslahatlar iqtisadiyyatımızı gücləndirəcək, sosial ədalətin və sosial dövlət quruculuğunun təmin olunmasına zəmin yaradacaq”.
Qüdrət Həsənquliyev, həmçinin deyib ki, son vaxtlar cəmiyyətdə ayrı-ayrı təxribatçı qüvvələrin canlanmasını müşahidə edilir:
Bəzi şəxslər ədəbsiz davranışları ilə özlərini Azərbaycanda sabitliyi pozmaq istəyən xarici güclərin hədəfinə gətirirlər. Onlara qarşı zor tətbiq etməklə, hətta onları şikəst etməklə, yaxud öldürməklə sabitliyi pozmağa cəhdlər edilə bilər. Mən bilirəm ki, onların çoxunu sadəcə bu cür davranışa vadar edirlər. Əgər kiminsə şikayəti onun düşüncəsinə görə obyektiv araşdırılmırsa həmin orqanın fəaliyyətinə nəzarət edən orqanlara müraciət edilməlidir. Bu edilmirsə, deməli məqsəd obyektiv həqiqəti üzə çıxarmaq deyil. Hamı nəzərə almalıdır ki, tərbiyəsizlik və ağır təhqirlər həm də zorakılıq doğura bilər. Ədəbsizliklə, təhqirlərlə necə obyektiv qərarların qəbuluna nail olmaq olar? Tərbiyəsizliklə necə sivil cəmiyyət qurmaq, yaxud bunu qanunun aliliyi uğrunda mübarizə kimi təqdim etmək olar? Ermənipərəst ölkələrə sığınıb vətənpərvərlikdən danışanlar, tərbiyəsizliyi qəhrəmanlıq hesab edənlər Azərbaycan cəmiyyətindən dəstək ala bilməzlər. Azərbaycan balaca ölkədir, burada hamı kimin nə ilə nəfəs aldığını yaxşı bilir.
Bizdə həm də yersiz radikallığa sövq etməklə yeni siyasi “liderlər” yaratmaq təcrübəsi (hətta həmin “liderlər” döyülsə, təhqir olunsa, həbsə atılsa belə) özünü doğrultmur.
Kiminsə əlində oyuncaq olub, pis əməllər hesabına populyar olmaq istəyənlər nəzərə alsınlar ki, ölkəmizdə Prezidentə və dövlətə sadiq, sabitliyi təmin edən güc strukturları, təhlükəsizlik xidməti var və onların başında təcrübəli şəxslər dayanır. Bu cür təxribatlarla nə həmin dövlət orqanlarını nə də onların başında dayanan şəxsləri gözdən salmaq olmaz. Kimin nə vaxt istefaya göndərilməsini, yaxud daha yüksək vəzifəyə irəli çəkilməsini də ədəbsiz uşaqlar yox, Prezident müəyyən edir. Hazırda əsas vəzifə həmin təxribatçı uşaqları ortaya atanların tapılıb cəzalandırılması olmalıdır. Yalnız yaxşı işlərdə iqtidardan geri qalmadığını, digər məsələlərdə isə ondan üstün olduğunu cəmiyyətə sübut etməklə onun rəğbətini və siyasi dəstəyini qazanmaq olar”.
Gülnar Məmmədli
Gununsesi.info