“Məktəb psixoloqları “vızıvnoy həkimlər” kimi fəaliyyət göstərir” -ŞƏRH

Azərbaycanda məktəb psixoloqları təhsil sahəsində vacib, lakin çox zaman diqqətdən kənar qalır.

Onlar şagirdlərin emosional, sosial və psixoloji sağlamlığını qorumaqda rol oynayır.

Təəssüf ki, onların fəaliyyəti barədə ictimaiyyətdə məlumat azdır.

Bu gün məktəblərdə psixoloqların sayı hələ yetərli deyil. Bu da bəzi uşaqların vaxtında dəstək ala bilməməsi ilə nəticələnir.

Mövzu ilə bağlı Gununsesi.info-ya danışan psixoloq Nuriyyə Vidadi qızı qeyd edib ki, hazırda özəl məktəbləri çıxsaq, açıq demək lazımdır ki, ümumi vəziyyət ürəkaçan deyil.

“Bəzi özəl məktəblərdə vəziyyət çox ürək açan deyil. Tək psixoloq kimi yox, bunu həm də təlimçi kimi deyirəm: məktəblərdə psixoloqların fəaliyyəti demək olar ki, çox zəifdir. Buna görə də uşaqlarda emosional intellekt, empatiya duyğusu və sosial mühitin formalaşmasında ciddi problemlər yaranır. Uşaqlar tez-tez bullinqə məruz qalır, ayrı-seçkiliklər baş verir, aqressiv davranışlar müşahidə olunur, amma məktəb psixoloqları öz vəzifəsini düzgün bilmir və tanımırlar. Təəssüf ki, onlar öz üzərlərində təkmilləşmə işləri aparmırlar.

Buna görə də vəziyyət heç də ürək açan deyil. Məktəblərdəki psixoloqların fəaliyyəti əsasən yalandan, formal hesabatlarla, müəllimin və rəhbərliyin tapşırıqlarını yerinə yetirməkdən ibarətdir. Məsələn, müəllim və ya rəhbərlik deyirsə ki, uşağın ailəsində problem var, psixoloq ora gedir. Loru dildə desək, belə psixoloqlar “vızıvnoy həkimlər” kimi fəaliyyət göstərir. Amma belə olmamalıdır”,-deyə 0 əlavə edib.

Onun fikrincə məktəb psixoloqları üçün məktəbdə psixoloji mühit yaradılmalıdır:

“Psixoloq gözləməməlidir ki, problem yaransın, sonra müdaxilə etsin. Problemlərin yaranmasından sonra müdaxilə etmək çox vaxt faydasız olur. Psixoloq düzgün müşahidə aparmalıdır. Məsələn, sinif sayına görə vakansiya azdırsa, qrup şəkilli siniflərə girib proyektiv testlər keçirə bilər, uşaqlarda agresiya, intihar meylləri və şüuraltı emosional gərginlikləri aşkarlaya bilər. Bu testlərə əsaslanaraq, məsələn, deyə bilər ki, 5-ci sinifin 5A sinifində üç, 5E sinifində beş uşaqda agresiya, intihar meylləri və ya özünə qapanıqlıq müşahidə olunur.

Burada tək psixoloqun üstünə düşmək düzgün deyil. Məktəbdə psixoloji mühit və şərait yaradılmalıdır. Düzgün yanaşma belədir: mütəxəssis psixoloq uşağı “düzəltmir”, uşağın duyğu və düşüncəsini fərqli yönə yönləndirir, mühiti dəyişir. Mühit deyəndə, bu, məktəbi və ya sinifi dəyişmək demək deyil, oradakı gərgin mühiti daha yumşaq və sakit bir mühitə çevirməkdir. Belə olduqda çox problemlərin qarşısı alınar.

Birinci addım proflaktik sistemin qurulmasıdır ki, müşahidə və xüsusi testlərlə uşaqların vəziyyəti izlənməlidir. Müəllimlərlə və valideynlərlə psixoloq əməkdaşlıq etməlidir. Daha sonra, ehtiyac olan uşaqlara məktəb daxilində və ya kənarda fərdi seanslar və konsultasiyalar aparılmalıdır”.

 

 

Şəbnəm Rəhimova

Gununsesi.info