Metro açılır? - RƏSMİ

  • By admin
  • 19 May 2021 12:09

7 aydan çoxdur ki, “Bakı Metropoliteni” sərnişinlərin üzünə qapalıdır. Yoluxmaların azalacağı, vaksinasiyanın aparalacağı halında metroların da fəaliyyət göstərəcəyi deyilirdi.

Son günlər isə havaların isinməsi xüsusilə də havalandırma sistemi olmayan köhnə avtobuslardan istifadə edən sərnişinlər arasında narazılıq yaradıb.

Məktəblərin isə yenidən fəaliyyətə başlaması “Bakı Metropoliteni”nin açılmasını labüd edir. Hər kəs metronun açılacağı, sıxlığın aradan qalxacağı günü səbirsizliklə gözləyir. Hətta sosial şəbəkələrdə son günlər müzakirə olunan əsas məsələlərdən biri də metropolitenin nə zaman sərnişindaşıma fəaliyyətinə başlaması ilə bağlıdır.

Bakı metrosunun nə vaxt açılacağı ilə bağlı “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sözçüsü Bəxtiyar Məmmədovla əlaqə saxladıq.

Qurum sözçüsü Publika.az-a açıqlamasında bildirdi ki, metronun nə zaman açılacağı hələ ki, məlum deyil: “Metropolitenin açılması ilə bağlı hələ ki, qərar yoxdur. Bizə nə rəsmi, nə də ki, qeyri-rəsmi formada hansısa bir tapşırıq və yaxud da qərar daxil olmayıb”.

Azərbaycan Həkimləri İctimai Birliyinin İdarə Heyətinin üzvü Ədalət Rüstəm saytımıza açıqlamasında dedi ki, hazırkı epidemioloji vəziyyəti və vaksinasiya prosesini nəzərə alsaq, metropolitenin fəaliyyətə başlaması məqbuldur:

“Avtobuslarda sıxlıq yaşanır. Metropoliten açılmalıdır və hazırda da açıla bilər. Ancaq hesab edirəm ki, peyvənd vəsiqəsi olanlar metroya buraxılsın. Polis əməkdaşları metropolitenin girişində dayanaraq, sərnişinlərin peyvənd pasportunun olub-olmamasını yoxlasınlar. Sözügedən pasportu olanlar metroya buraxılsın. Belə olarsa, vaksinasiya prosesi də sürətlənər. Nəzərə alsaq ki, hazırda Azərbaycan əhalisi vaksinasiyaya meyilli deyil. Bu baxımdan təklifim nəzərə alınsa, effektiv olacaq”.\

Gununsesi.info