Mixail Saakaşvilinin anası: “Mənim yeganə övladımı gözümün qabağında öldürürlər”

  • By admin
  • 12 Noyabr 2021 09:27

“Mənim yeganə övladımı gözümün qabağında öldürürlər – mənə kömək edin, bizə kömək edin, bizə dövlət yaradan adamı gözümüzün önündə öldürmələrinə imkan verməyin”.

Gununsesi.info InterPress.ge saytına istinadən xəbər verir ki, sabiq prezident Mixail Saakaşvilinin anası Qiuli Alasania sosial şəbəkədə yayılan videoda Gürcüstan vətəndaşlarına belə müraciət edib.

Onun sözlərinə görə, Mixail Saakaşvilinin ən böyük günahı ölkəni əvvəllər ərazinin 20%-ni zəbt etmiş işğalçıya təslim etməməsidir.

“Çox pis vəziyyətdəyəm, yeganə övladımı gözümün qabağında öldürürlər. 40 gündən artıqdır ki, aclıq aksiyası keçirir, halı pisləşib, ağrıları başlayıb, ehtiyacı olan klinikaya qəti şəkildə aparmırlar. Mən hər kəsə, Gürcüstanda olan, bu gün Gürcüstanda olmayan bütün Gürcüstan vətəndaşlarına müraciət edirəm. Oğlumun dünyanın müxtəlif ölkələrində çoxlu pərəstişkarları var və mən hamıya müraciət edirəm – mənə kömək edin, bizə kömək edin. Bizə uğurlu bir dövlət yaradan adamı gözümüzün önündə öldürmələrinə imkan verməyin, onun günahı nədir? Ölkəsini sevməsinə, vətənpərvər olmasına görə, bütün bunlara baxmayaraq, tamamilə aydın görünən bu təhlükəyə baxmayaraq vətəninə qayıtdı. Onun ən böyük günahı ölkəni əvvəllər ərazinin 20%-ni zəbt etmiş işğalçıya təslim etməməsidir. Xahiş edirəm, bilirəm ki, hər şey edilir – bütün insanlar mümkün və qeyri-mümkün olanı edirlər, amma görünür, daha çox şey lazımdır. Xahiş edirəm, onun həyatını xilas edək”, – deyib Qiuli Alasania.