Nazim Bəydəmirlinin həbsi 3 ay artırıldı -Yenilənib

  • By admin
  • 01 Noyabr 2023 14:55

Hazırda həbsdə olan sabiq deputat, ekologiya məhbusu Nazim Bəydəmirlinin barəsindəki həbs-qətimkan tədbiri 3 ay artırılıb.

Bu barədə Gununsesi.info-ya onun vəkili Aqil Layic məlumat verib.

Onun sözlərinə görə, Bəydəmirli barəsində istintaq orqanının təqdimatına baxılıb.

Məhkəmədə çıxışında Nazim Bəydəmirli həbsini qanunsuz hesab etdiyini deyib.

O, hər hansı bir cinayət törtəmədiyini və həbsini Gədəbəydəki ekoloji fəlakətə etiraz edən insanlara dəstəyi ilə əlaqələndirib.

 

 

      *14:55

Hazırda həbsdə olan sabiq deputat, ekologiya məhbusu Nazim Bəydəmirlinin barəsindəki həbs-qətimkan tədbiri uzadılır.

Bu barədə Gununsesi.info-ya açıqlamasında sabiq deputatın vəkili Aqil Layic deyib.

“Bu gün Nərimanov rayon məhkəməsində Nazim Bəydəmirli həbsinin müddəti uzadılacaq”, – deyə o bildirib.

Vəkil məhkəmə prosesinin saat 15:00-da olacağını açıqlayıb.

İyulun 5-də Nərimanov Rayon Məhkəməsi hakim Vüsal Qurbanovun sədriyi ilə Nazim Bəydəmirli barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçib.

Keçmiş deputata qarşı əvvəlcə Cinayət Məcəlləsinin 182.2.4-cü (Hədə-qorxu ilə tələb etmə, xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Sentyabrın 1-də isə Nazim Bəydəmirlinin 27 il əvvəl, 1996-cı ildə Rusiya Federasiyasının Lipetsk şəhərində kimdənsə hədə-qorxu ilə pul tələb etməsi iddiası ilə Cinayət Məclləsinin 182.2.2 (hədə-qorxu ilə təkrar tələb etmə) maddəsilə ilə yeni ittiham irəli sürülüb.

İlkin olaraq Bəydəmirlinin Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində Gədəbəy rayonunun Söyüdlü kəndində yerli sakinlərin etiraz aksiyaları ilə bağlı şübhəli şəxs qismində saxlanılması barədə sosial şəbəkələrdə məlumat yayılıb.

 

Gununsesi.info