2025-ci ildə tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul üçün 15 min 874 plan yeri ayrılıb.
Gununsesi.info xəbər verir ki, bu barədə 2025-ci ilə aid tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinə dair elmi-statistik materialların yer aldığı “Abituriyent” jurnalının 12-ci nömrəsində məlumat verilib.
Məlumata görə, plan yerlərinin 1 870-i özəl orta ixtisas təhsili müəssisələrinin payına düşüb. Bunlardan 730 yer Bakı Biznes və Kooperasiya Kollecinə, 525 yer Bakı Avrasiya Kollecinə, 410 yer “Odlar Yurdu” Kollecinə, 190 yer Qərbi Kaspi Universitetinin orta ixtisas təhsili pilləsinə, 15 yer isə Bakı İlahiyyat Kollecinə ayrılıb.
Qəbul planı ötən illə müqayisədə 28,15 faiz və ya 3 487 yer artıb. Bildirilib ki, artım əsasən struktur dəyişiklikləri ilə əlaqədardır. Belə ki, orta ixtisas təhsili müəssisələri üzrə bəzi plan yerlərinin ümumi orta təhsil bazasından tam orta təhsil bazasına keçirilməsi nəticəsində ümumi orta təhsil bazası üzrə qəbul planı 25,49 faiz və ya 2 786 yer azalıb.
Ayrılmış yerlərin 33,8 faizi ödənişsiz, 66,2 faizi isə ödənişli təhsil üçün nəzərdə tutulub.Qəbul planının 92,29 faizi Azərbaycan bölməsi, 3,72 faizi rus bölməsi, 3,99 faizi isə hər iki bölmə üzrə birgə müsabiqə üçün ayrılıb.
Bu il 52 dövlət orta ixtisas təhsili müəssisəsinə tələbə qəbulu aparılıb. Ən çox plan yeri 660 yerlə 2 nömrəli Bakı Baza Tibb Kollecinə ayrılıb. Ən az plan yeri isə 8 yerlə Bakı Xoreoqrafiya Akademiyasının orta ixtisas təhsili pilləsinə verilib (azedu.az).












