Onun fikrincə, çantanın ağırlıq probleminin necə aradan qaldırılması ilə bağlı sual da yalnız Elm və Təhsil nazirliyinə ünvanlanmalı deyil. Çünki həmin çantanı yükləyən tərəf nazirlik deyil:
“Bizim edəcə biləcəyimiz o olub ki, əvvəl dərsliklər birillik hazırlanırdısa, hazırda yarımillikdir. İbtidai sinif səviyyəsində bir dərsliyin çəkisi 270-300 qram arasında dəyişir. Bu problem hər birimizin problemidirsə, hər birimiz həll etməliyik”.
Təhsil eksperti Elşən Qafarov Gununsesi.info -ya açıqlamasında bildirib ki, nazirin bu fikri birbaşa məsuliyyətdən yayınmaq deməkdir.

“Hər bir məktəbli çantasının çəkisi onun ümumi bədən çəkisinin 10–15%-dən artıq olmamalıdır.
Bu gün ümumi təhsil məktəblərində, xüsusilə ibtidai siniflərdə şagirdlərin çantası onların bədən çəkisinin 30–40%-inə çatır ki, bu da uşaqlarda skolioz xəstəliyinin yaranması üçün əsas səbəbdir.
Bu gün məktəblərdə dərsliklərdən başqa, eyni zamanda iş dəftərləri, əlavə dəftərlər və digər vəsaitlər olmadan dərslik materiallarını mənimsəmək mümkün deyil. Bunun əsas səbəblərindən biri dərsliklərin dilinin həddindən artıq ağır olması və nazirliyin dərslikdən əlavə əlavə materiallar və çalışmalar topluları təqdim etməməsidir. Nəticədə məktəblərdə xaotik bir vəziyyət yaranır. Hansı məktəb, hansı müəllim hansı əlavə vəsaiti istəyirsə, valideynlər onu almalıdır”.
Ekspert deyib ki, nəticə etibarı ilə məktəbli çantalarının çəkisi normadan ən azı iki dəfə artıq olur.
“Bu da təbii ki, onlarda skolioz xəstəliyinin yaranmasına səbəb olur. Bundan başqa, xüsusilə yuxarı siniflərdə bu, məktəbə çantasız getmək nəticəsi ilə də müşahidə olunur. Düşünürəm ki, bu məsələdə nazir bir daha məsuliyyəti çiynindən atmaq siyasətini yürüdür.
Nazirin “kənar əşyalar qoyulur ” fikri bu, tamamilə absurddur. Kənar əşyalar dedikdə nəyi nəzərdə tutur? Deyək ki, bu, valideynin övladı üçün qoyduğu yemək və ya suyun çəkisidirsə, bu nə qədərdir? Yaxud da kənar əşyalar deyərkən konkret nə nəzərdə tutulur? Buna da aydınlıq gətirmək lazımdır”.
Şəbnəm













