Parlament partiyaları liderlərindən Əliyevə doğum günü təbriki

  • By admin
  • 24 Dekabr 2021 16:37

“Buradakı ana müxalifət partiyasının sədri kimi xatırlayıram. Prezident İlham Əliyev heç bir ziyalının doğum gününü, yubileyini diqqətdən kənarda qoymayıb. Əlimizə fürsət düşüb, mən də Prezidentin yubileyini təbrik etmək istəyirəm”.

Gununsesi.info-nun məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı deyib.

Deputat 1994-cü ildə Heydər Əliyevin Çinə səfəri zamanı olan bir xatirəsini paylaşıb: “Həmin səfər çox işgüzar keçmişdi. O zaman Heydər Əliyevə dedim ki, bəlkə də Allah sizi Çin kimi, Hindistan kimi böyük dövlətləri idarə etmək üçün yaradıb, amma Azərbaycanı idarə edirsiniz, Azərbaycanın da problemləri bitmir. O bu fikrimə güldü. Düşünürəm ki, Prezident İlham Əliyev də bu mənada da atasının yolunu gedir”.

Vəhdət Partiyasının sədri, deputat Tahir Kərimli deyib ki, Prezident İlham Əliyev 44 günlük savaşda dünya erməniliyinə qalib gəlib: “Prezident İlham Əliyev addımları ilə dünyada türk dünyasının, İslam dünyasının qalxınma dövründün başlamasının əsasını qoydu. Prezident İlham Əliyevi güclü edən xalqın inamıdır. Mən də sizə inanıram. Bu gün mən sizə qarşı deyil, yeddibaşlı əjdahalara qarşı müxalifətdəyəm. Korrupsiya, bahalaşma və digər başlara qarşı mübarizədə Sizin yanınızdayam”.

Millət vəkili Əli Məsimli qeyd edib ki, İlham Əliyev Cənubi Qafqazın reallığını tamamilə dəyişib: “İlham Əliyev indiyə qədər olan intellektual müharibələrin qalibi kimi dünya tarixinə düşən lider oldu. 44 günlük Vətən müharibəsində güclü lider və güclü diplomat xüsusiyyətlərini birləşdirərək Azərbaycan xalqının səsini dünyaya çatdıra bildi. Eyni zamanda İlham Əliyev Qarabağı azad etməklə tarixin gedişini dəyişdirən və yeni tarix yazan lider kimi tarixə düşdü. Dekabrın ortalarında Prezident İlham Əliyevin Avropada keçirdiyi görüşlərdə çıxışları da çox mühüm idi”.

Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa dünən partiya adından Prezident İlham Əliyevə təbrik məktubu ünvaladıqlarını diqqətə çatdırıb: “Bundan sonra Ədalət Vəliyev bizə zəng etdi və təbriklərimizin Prezidentə çatdırıldığını, təşəkkür etdiyini bildirdi. Azərbaycanda siyasi mühit dəyişir. Müstəqilliyimiz uğrunda mübarizə aparan yüzlərlə insana qiymət veririk. Heydər Əliyevə də münasibətimiz bundan ibarətdir ki, o bizim müstəqilliyimizi xilas edə bildi. 100 il sonra da tarixi reallıqlar dəyişəcək. Bəlkə də ermənilər də Prezidentə yüksək qiymət verəcəklər, paytaxtı İrəvana köçürəcəyik. 100 il sonra Prezident İlham Əliyevə verilən dəyər reallıqları əks etdirəcək. Çünki onun sayəsində bizim 100 illər boyunca həll edə bilməyəcəyimiz problem həllini tapdı”.

BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev bildirib ki, dünyada 200-dən artıq xalq öz dövlət müstəqilliyinə nail ola bilib, ancaq hüquqi dövlət yarada bilməyib: “Bu, çox çətin prosesdir. Biz müstəqillik illərində böyük uğurlara imza atmışıq. Əminəm ki, islahatlar davam etdiriləcək və daha modern ölkə olacağıq. Vaxtilə ölkəmizin ən ağır günlərində biz İlham Əliyevi Heydər Əliyevin yanında görürdük. Bu gün də beynəlxalq hüququn ayaqlar altına atıldığı, dünyanın parçalandığı dövrdə regionda siyasi konyukturanın çətin şərtləri altında biz görürük ki, İlham Əliyevin vaxtilə həyata keçirdiyi missiyanı Mehriban Əliyeva həyata keçirir. O, İlham Əliyevlə çiyin-çiyinə çətinlikləri dəf etməklə məşğuldur. Mən əminəm ki, Prezidentin başlatdığı islahatlar uğurla nəticələnəcək və biz Xankəndi üzərində də suverenliyimizi bərpa edəcəyik”.

Gununsesi.info