Putin və Paşinyan arasındakı sonuncu görüş zamanı Putinin Paşinyana təzyiq xarakterli açıqlamaları həm də Azərbaycan siyasi gündəmini əlaqədar edir.
Məlum olduğu kimi, artıq Ermənistanda seçkilər də yaxınlaşır.
Belə olduğu halda, ortaya yenidən müharibə məsələləri çıxır.
İctimai şüurda olan bir məsələdə Paşinyanın seçilməyəcəyi təqdirdə sentyabrda yeni bir müharibənin başlamasıdır.
Görəsən, həqiqətən də belə ola bilərmi?
Bu barədə Gununsesi.info-ya Milli Məclisin deputatı Fazil Mustafa danışıb.
O bildirib ki, müharibə məsələsini Paşinyanın seçilməsinə bağlamaq doğru deyil:
“Ümumiyyətlə, Azərbaycanla müharibə etmək riskini kimsə üzərinə götürərsə, onun elə də ağıllı olmadığı ortaya çıxar. Hər hansı bir şəkildə ölkədə yenidən müharibəni alovlandırmaq Ermənistan üçün ölüm riski kimi də qiymətləndirilə bilər. Ümid edirəm ki, Ermənistan cəmiyyəti Paşinyanın mövqeyini dəstəkləyəcək. Əks halda, digər istiqamətdə bədbin proqnoz vermək doğru olmaz. Bütün hallarda Ermənistanın böyük hissəsi hətta müharibə bitən kimi sülh partiyasına səs versidə, bu, o deməkdir ki, sülh dəstəkçisi olan elektral baza daha güclüdür. Müharibə məsələsi elə də rahatlıqla aktuallaşan məsələ deyil. Ermənistan cəmiyyətin əhval-ruhiyyəsi də buna müsait deyil. Bu baxımdan, düşünürəm ki, Paşinyanın qalib olması ehtimalı daha çoxdur. Ancaq məğlub olduğu halda da hər hansı müharibə riski olduğunu düşünmürəm. Hakimiyyətdə hətta əvvəlki revanşistlər belə olsa, onlar Azərbaycanın zərbəsini ciddi şəkildə alıblar, bunun hansı nəticələr törədəcəyini doğura biləcəyini az da olsa, normal bir insan ağlı ilə müəyyənləşdirə bilərlər”,- deyə o qeyd edib.
Orxan












