Qarabağ, partiyalar və Akif Nağının sonsuz seriyası - Saffari yazır…

  • Müəllif: Firuzə
  • 18 Avqust 2026 22:46

Özü heç bir şəkildə azad olmadığı halda, partiyasının adını “Azad Vətən Partiyası” qoyan Akif Nağı, əvvəli səs-küylü, sonrası da fıssss olan siyasətçilərdəndir.

Yaxşı xatirimdədir, Akif Nağını bir dəfə Səidə Bəkirqızı ilə verilişdə görəndə qənaətlərimin necə dəqiq olduğundan bir daha əmin olmuşdum.

İstənilən halda Akif Nağının pis-yaxşı bir siyasi yolu var idi. Ancaq ona deyən lazım idi ki, bax sizin Səidə Bəkirqızı ilə dalaşan vaxtınız və məqamınız idi? Başa düşürəm, Qarabağ söhbətləri monopoliyasına aid olanlardan biri də sizsiniz, ancaq bu məsələ Səidəyə qədər düşməli idimi?

Ancaq onu deyim, Akif Nağı maraqsız adam deyil.

Ümumiyyətlə, Azərbaycan siyasətində bəzi adamlar partiya yaradır, bəziləri partiyaya qoşulur, bəziləri partiyadan çıxır.

Akif Nağı bütün bunların hamısını edib.

Sözsüz, bir çox siyasilər kimi, Akif Nağının da yolu müxalifətdən keçib.

Belə ki, o vaxt 15 may dövlət çevrilişinin ardından hakimiyyəti tam ələ alan AXC Ali Sovetin Rəyasət Heyətində dəyişikliklərə getmişdi. Həmin vaxt Tamerlan Qarayev Ali Sovetin sədrinin müavini vəzifəsindən azad edilərək sədrin birinci müavini seçilmişdi. Çevrilişdən sonra da yeni rəhbərlik prezident seçkiləri keçirmək qərarı aldı. Bu dövrdə isə AXC-dən istefa verərək, Akif Nağıgil iqtidaryönlü Doğru Yol Partiyasını təsis etdilər.

Azad Vətən Partiyası azad olmadığı kimi, Doğru Yol Partiyasında da heç bir doğruluq yox idi.

Ümumiyyətlə, belə baxıram, Akif Nağı fəaliyyəti boyunca daim özü özünü inkar edib.

Sonradan Doğru Yol Partiyası da Müsavat Partiyasına birləşdi. Akif Nağı həm də uzun müddət Müsavat Partiyasının Məclis və Divan üzvü olub.

Hazırda onun bu həyatdakı ən böyük arzusu millət vəkili seçilməkdir. Yenə yaxşıdır, başa düşən adamdır, yalandanda olsa, partiyası var deyə böyük siyasi ambisiyaları yoxdur. Elə deyir, bu yaşdan sonra bir deputatlıq dönəmim də olsaydı, əla olardı.

Şəxsən mən də onun deputat olmağını arzu edirəm. Yəni məsələn, Arzuxan Əlizadədən ha əskik adam deyil, o niyə olmasın ki?

Akif Nağı özü də bir qarabağlı kimi daim Qarabağ söhbətlərinin içində olub. Mən isə bu məsələyə Qarabağ söhbətlərinin çörəyini yemək kimi baxıram. Əlbəttə, bu məqamda Akif Nağının özünü dindirsə, vatan, millet, sakarya deyəcək.

Qarabağ məsələsi, ümumiyyətlə, Akif Nağı üçün, deyəsən, siyasətdəki daimi abonement kimidir.

Hökumət dəyişir, partiya dəyişir, mövqelər dəyişir, amma Qarabağ söhbəti dəyişmir. Bu mövzuda o qədər uzun müddətdir görünür, adamda belə təəssürat yaranır ki, Qarabağ olmasaydı, Akif Nağı siyasətdə nə barədə danışacağını tapmaq üçün ayrıca komissiya yaradardı. Komissiya da uzun müzakirələrdən sonra qərara gələrdi ki, Akif müəllim danışmasın, eləcə dayansın.

Ümumiyyətlə, mənə elə gəlir ki, Azərbaycan siyasətində hansısa görünməz bir “Akif Nağı maddəsi” var.

Konstitusiyaya yazılmayıb, amma praktikada işləyir.

Hətta bəzən düşünürəm ki, Azərbaycanda siyasi partiyaların qeydiyyatı zamanı sənədlərin arasında ayrıca bir bənd olmalıdır:

“Akif Nağı ilə hansısa mərhələdə siyasi əlaqəniz olubmu?”

Mənim üçün Akif Nağının ən maraqlı tərəfi onun siyasətdəki davamlılığıdır.

Çünki Azərbaycan siyasətində davamlı olmaq elə də asan məsələ deyil.

Burada siyasətçi olmaq bir yana, siyasətçi olaraq qalmaq daha böyük problemdir.

Bir gün siyasi baxışın aktual olur, sabah köhnəlir. Bir gün danışdığın mövzu gündəmin mərkəzindədir, sabah həmin mövzunu heç kim eşitmək istəmir. Bir gün yanında oturan adam “mübarizə yoldaşı”dır, bir neçə ildən sonra onun haqqında danışanda səs tonunu dəyişirsən.

Akif Nağı isə bütün bu siyasi iqlim dəyişikliklərinə baxmayaraq, özünəməxsus bir sabitlik nümayiş etdirib.

Elə bil siyasətdə onun ayrıca iqlim qurşağı var.

Hamıya qar yağır, ona yağmır.

Hamı siyasi fırtınaya düşür, Akif müəllim çətirini açıb yoluna davam edir.

Akif Nağının başqa bir maraqlı xüsusiyyəti də odur ki, o, siyasətin müxtəlif mərhələlərini görmüş adamlardandır.

Bu baxımdan onun xatirələri ayrıca arxiv materialıdır.

Bizim nəsil bəzi siyasi hadisələri kitablardan oxuyur.

Akif Nağı isə deyə bilər:

“Yox, o hadisə elə olmamışdı…”

Və bundan sonra adamın qarşısında iki seçim qalır. Ya tarix kitabına inanacaqsan, ya Akif Nağıya.

Ən pis tərəfi də odur ki, Akif müəllim bunu elə inamla danışa bilər ki, sən kitabdan da şübhələnməyə başlayarsan.

 

Orxan Saffari
Gununsesi.info