“Rusiya informasiya məkanında son günlər Azərbaycanla bağlı müşahidə olunan ritorika təkcə səsləndirilən ifadələrin məzmununa deyil, onların ardıcıllığına da diqqət çəkir.
“Çastota ponimaniya”, “Sputnik”, “Spas” və “YouTube” kanallarındakı oxşar çıxışlar hadisələrin birlikdə qiymətləndirilməsini zəruri edir. Bu ardıcıllıq avtomatik mərkəzləşdirilmiş kampaniya sübutu olmasa da, ehtimalı araşdırmaq üçün ciddi əsaslar yaradır. Siyasi analizin vəzifəsi fərziyyəni fakt kimi təqdim etmədən real mənzərəni müəyyənləşdirməkdir”.
Gununsesi.info bildirir ki, bunu siyasi şərhçi Azər Niftiyev deyib:
“Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi onun regional mövqeyini möhkəmləndirib və qərarvermə müstəqilliyini nümayiş etdirib. Bakının əsas prinsipi tərəf seçmək deyil, milli maraqlara uyğun siyasət yürütməkdir. Türkiyə ilə müttəfiqlik, Rusiya ilə qonşuluq, Avropa ilə enerji və Mərkəzi Asiya ilə inteqrasiya paralellik təşkil edir. Bu çoxvektorluq Bakı üzərində müstəsna təsir imkanlarını məhdudlaşdırdığından müəyyən dairələrdə narahatlıq yarada bilər.
Lakin siyasi tənqidlə informasiya təxribatı fərqlidir. Xarici mediada dövlət rəhbərliyini təhqir etmək və daxili siyasətə təsir çağırışları legitim tənqid çərçivəsindən çıxır. Bu fikir və mesajlar dövlətlərarası münasibətlərin atmosferinə birbaşa təsir edir.
Bakı qarşıdurmadan çox dialoqa üstünlük verir və münasibətlərin inkişafında maraqlıdır. Lakin təmkin birtərəfli öhdəlik deyil. Ritorika davamlıdırsa, Rusiya tərəfinin də mövqeyi aydın olmalıdır. Söhbət media nəzarətindən deyil, münasibətlərə zərər vuran ritorikanın siyasi və ictimai məsuliyyətindən gedir.
Ölkənin siyasi kursunu Azərbaycan xalqı və dövləti müəyyən edir. Münasibətlərin gələcəyi üçün ən sağlam yol informasiya müharibəsi deyil, qarşılıqlı suverenliyin qəbul edilməsidir. Ən düzgün cavab emosional qarşıdurma deyil, aydın siyasi mövqe və qarşılıqlılıq prinsipinin qorunmasıdır. Media məkanında idarə olunan gərginlik zamanla siyasi münasibətlərin özünə dq təsir göstərə bilər”.
Afət











