Bir müddət əvvəl Azərbaycan Milli İstiqlal Partiyası (AMİP), daha dəqiq, Etibar Məmmədov haqqında yazı yazmışdım.
Yazımın ümumi mahiyyəti Etibar Məmmədovun uğursuz siyasətçi olması barəsində idi. Ancaq siyasətlə məşğul olmayan, uğursuz sözünü az qala təhqir hesab edən partiya üzvləri də, Etibar Məmmədovun özü də bu ifadəmi qəbul etmədi. Məsələ az qala məhkəməyə qədər gedirdi ki, igidlər sonda əl saxladı.
Ancaq həmin yazıda unutduğum bir adam da Arzuxan Əlizadə idi.
Məlumdur ki, gözdən uzaq olan könüldən də uzaq olar. Bu səbəb, Arzuxan müəllimi nə gözdən, nə könüldən uzaq saxlamağın adı yoxdur.
Məncə, Arzuxan Əlizadənin ən maraqlı tərəfi adının Arzuxan olmağıdır.
Etiraf edək ki, bu ad, hər dəqiqə rast gəlinən ad deyil. Məsələn, şəxsən mən Arzu adında bir neçə kişi tanısam da, Arzuxan adında başqa adam tanımıram.
Yox, Azərbaycanda başqa Arzuxanlar da varsa, onlar da öz sahələrində Arzuxan Əlizadədirlərsə, o zaman heç tanımaq da istəmirəm.
Qoy, bizim Arzuxan Əlizadə tək və yek olsun.
Düzdür, mən belə də arzu edərdim ki, Arzuxan müəllimin adı kimi də maraqlı fəaliyyəti olsun. Ancaq nə edim ki, bu dünyada, bu ölkədə bütün arzularım ürəyimdə qalıb.
Arzuxan Əlizadənin nisbətən maraqlı sayıla biləcək həyat yolu olub.
Belə deyək, o, Azərbaycan siyasətinə 1987-ci ildə Milli Azadlıq Hərəkatına qoşularaq gəlib.
Sonralar isə Azərbaycan Xalq Cəbhəsinə üzv olub. Hətta AXC Sabunçu rayon şöbəsində dayaq dəstəsinin sədri də olmağı bacarıb.
Lakin sonralar onun həyatında qarşısına bir sıra siyasi döngələr çıxıb və Arzuxan müəllim dönüb.
Məlum olduğu kimi, Arzuxan Əlizadə həm də deputatdır. Uğursuz partiyanın qismən uğurlu deputat sədri kimi, parlamentari açıqlamaları çox da diqqət çəkmir.
Yəni məsələn, dilə gətirdiyi problemlər təxminən belədir:
“Azərbaycanda sənədsiz evlər problemi var”.
Problem sözü gələndə Arzuxan müəllim bərk əsəbiləşir və ağlına belə şeylər gəlir.
O, bu cür problemləri səsləndirən zaman cümlənin sonuna nöqtə yox, düz üç ədəd nida qoyur.
Arzuxan müəllimin digər siyasi açıqlamaları da iqtidar gündəmidir.
Məsələn, Azərbaycan və ABŞ əlaqələrinin artan dinamika ilə inkişafından danışmağı çox sevir. Danışdıran olsa, səhərə qədər dayanmadan belə söhbətlər edə bilər.
Bundan əlavə, o, bir az da irəli gedərək Azərbaycan sabitlik və güclü iqtisadi siyasət sayəsində qlobal əməkdaşlıq platformasına çevrilib kimi söhbətlər də etməyi sevir.
Arzuxan müəllimin verdiyi bir müsahibədə maraqlı bir sözünə də rast gəldim.
Deyir ki, insan daxilən azad olmalıdır.
Şəxsən mən razıyam. Ancaq mənə maraqlıdır ki, görəsən, daxilən də, zahirən də Arzuxan müəllim ömründə neçə gün, ay demirəm, heç saat da demirəm, məhz neçə dəqiqə daxilən azad ola bilib?
Ümumiyyətlə, Arzuxan müəllim özünə azadlıq Arzu edibmi?
Məsələn, nədənsə, əminəm ki, Arzuxan Əlizadəyə qəfil yaxınlaşıb azadlıq haqqında sual verən olsa, əvvəlcə həyəcanlanacaq. Daha sonra təmkinli olmağa çalışaraq deyəcək:
“Bir nəfərin azadlığı başqalarının azadlıq sərhədinə qədərdir”.
Bu sözü deyərkən üç ədəd nida yox, üç nöqtə qoyacaq.
Üç nöqtə qoyanda yada bir zamanlar “Üç nöqtə” qəzetinin baş redaktoru olan Xoşqədəm Hidayətqızı düşəcək.
Kimsə soruşacaq ki, Xoşqədəm Hidayətqızının bu məsələyə nə dəxli var?
Bu sual çox maraqlı sual olacaq. Eynilə Arzuxan müəllimin adı kimi.
Ancaq cavabı olmayacaq.
Lap Arzuxan Əlizadənin Azərbaycan siyasətində hansı yerinin olmağı kimi.
Ümumiyyətlə, siyasətdə bəzi adamlar var, onları fəaliyyətləri ilə izah etmək olur. Bəzilərini vəzifələri ilə. Bəzilərini keçmişi ilə.
Arzuxan müəllimi isə bir qədər çətindir.
Onu daha çox mövcudluğu ilə izah etmək mümkündür.
Elə bil, Azərbaycan siyasətinin kadr şöbəsində hansısa sənəd çoxdan bağlanmalı idi, amma kimsə “qalsın, sonra baxarıq” deyib.
Sonra illər keçib. Heç kim o sənədə toxunmayıb.
Arzuxan müəllim də qalıb.
Ümid edirəm, bu yazı ədalətsiz deyil. Yəni əslində, Arzuxan müəllimə qarşı ədalətsiz olmaq istəmirəm. Əksinə, bu yazını yazmaqla onun adını Azərbaycan siyasi yaddaşında bir az da qorumaq istəyirəm. Çünki siyasətdə ən böyük faciə uduzmaq deyil. Unudulmaqdır. Uduzan adamı xatırlayırlar. Amma heç nə etməyən adamı xatırlamaq üçün ayrıca yazı yazmaq lazım gəlir. Mən də yazdım. Arzuxan müəllim, arzu edirəm ki, bir gün adınız kimi fəaliyyətiniz də yadda qalsın. Bu, böyük arzu deyil. Axı mənim arzularım onsuz da çoxdan ürəyimdə qalır. Üstəlik, sizin adınız Arzuxandır. Arzu etməyə haqqınız da var.
Ancaq indiki halda obrazlı desək, Arzu var, xan var, siyasət yoxdur
Orxan Saffari
Gununsesi.info












