“Rusiya mediasında Azərbaycana qarşı sistemli informasiya təzyiqi müşahidə olunur”

“Rusiya media məkanında son günlər Azərbaycana qarşı təxribat xarakterli çıxışların intensivləşməsi artıq təsadüfi informasiya hadisələri kimi qiymətləndirilə bilməz. Müxtəlif media platformalarında eyni vaxtda və eyni istiqamətdə – Azərbaycan dövlətçiliyini, ölkə rəhbərliyini və Azərbaycan xalqını hədəfə alan sərt, təhqiramiz və təhdid məzmunlu fikirlərin ardıcıl şəkildə səsləndirilməsi ortada daha sistemli prosesin olduğunu göstərir”.

Gununsesi.info bildirir ki, bu fikirləri “İslahatçı Gənclər” İctimai Birliyinin sədri, siyasi şərhçi Fərid Şahbazlı bildirib:

“Xüsusilə də bu kampaniyanın Azərbaycan-Rusiya münasibətlərində həssas məqamların yaşandığı bir dövrə təsadüf etməsi ciddi suallar doğurur.

Ən diqqətçəkən məqam isə ayrı-ayrı media resurslarının faktiki olaraq eyni siyasi ritorikanı təkrarlamasıdır. “Çistota ponimaniya” layihəsində Azərbaycan rəhbərliyinə qarşı səsləndirilən təhqiramiz ifadələr, “Sputnik” radiosunda Azərbaycan rəhbərliyinin Rusiyanın “terrorçu və ekstremistlər siyahısına” daxil edilməsi ilə bağlı axmaq iddialar, “YouTube” platformasında və “Spas” telekanalında Azərbaycan əleyhinə aqressiv fikirlərin yayılması bir-birindən tamamilə müstəqil hadisələr təsiri bağışlamır.

Burada açıq şəkildə sual yaranır: Əgər bunlar sadəcə jurnalistlərin fərdi mövqeyidirsə, niyə eyni hədəf, eyni ritorika və eyni siyasi mesaj müxtəlif platformalarda ardıcıl şəkildə təkrarlanır?

Media azadlığı heç bir halda başqa dövlətin rəhbərinə qarşı zorakılıq çağırışlarını, təhqirləri və həmin dövlətin daxili siyasi proseslərinə müdaxilə niyyətlərini legitimləşdirə bilməz. Tənqid başqa şeydir, dövlət başçısına qarşı təhdid və zorakılıq çağırışı tamam başqa. Bu sərhəd keçildiyi anda məsələ artıq jurnalistikanın peşə prinsipləri ilə məhdudlaşmır.

Daha ciddi məqam isə budur ki, Rusiya media məkanının müəyyən seqmentlərində Azərbaycana münasibətdə müşahidə olunan ritorika getdikcə informasiya təzyiqi alətinə çevrilir. Bir neçə fərqli platformanın eyni siyasi xətt üzrə hərəkət etməsi, eyni şəxsləri və eyni mövzuları hədəfə alması bu prosesin siyasi sifariş xarakteri daşıdığı barədə əsaslı şübhələr yaradır.

Təbii ki, hər bir media resursunun öz redaksiya mövqeyi ola bilər. Lakin dövlətlərarası münasibətlər kontekstində ardıcıl və koordinasiyalı şəkildə bir ölkənin rəhbərliyinə qarşı təhqir, təhdid və qarayaxma kampaniyasının aparılması artıq “redaksiya mövqeyi” adı ilə izah edilə bilməz. Bu, ən azı, siyasi məqsədlərə xidmət edən informasiya kampaniyası təsiri bağışlayır.

Rusiya tərəfi də anlamalıdır ki, Azərbaycan öz suverenliyinə, dövlətçiliyinə və siyasi rəhbərliyinə qarşı yönəlmiş bu cür kampaniyalara susmaq niyyətində deyil. Azərbaycan-Rusiya münasibətləri qarşılıqlı hörmət və suverenliyə hörmət prinsipləri üzərində qurulmalıdır. Əgər bir ölkənin media məkanından digər dövlətə qarşı təhdid, təhqir və daxili siyasi proseslərə müdaxilə çağırışları səsləndirilirsə, bunun qarşılığında diplomatik reaksiyanın verilməsi tamamilə legitimdir.

Qeyd edək ki, yaranmış vəziyyətlə bağlı Azərbaycan artıq diplomatik səviyyədə konkret addım atıb. Rusiya Federasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov Xarici İşlər Nazirliyinə çağırılıb və Rusiya media məkanında Azərbaycan əleyhinə səsləndirilən təxribat, təhqir və təhdid xarakterli açıqlamalarla bağlı Azərbaycanın ciddi narahatlığı və qəti etirazı qarşı tərəfin diqqətinə çatdırılıb.

Bu diplomatik addım həm də aydın mesajdır: Azərbaycan münasibətlərin normal inkişafında maraqlıdır, lakin bunun üçün qarşılıqlı hörmət və suverenliyə hörmət əsas şərtdir. Azərbaycan dövlətinə qarşı media adı altında aparılan siyasi-informasiya kampaniyalarına isə bundan sonra da adekvat və prinsipial cavab veriləcək”.

 

 

Şəbnəm

Gununsesi.info