Vəfat edən məşhur general – Heydər Əliyev onu iclasda niyə tənqid etmişdi?

Sərhəd Qoşunlarının keçmiş komandanı, general-mayor Abbasəli Novruzov bu gün səhər 89 yaşında dünyasını dəyişib.

Hərbi Memorial Məzarlıqda torpağa tapşırılan Abbasəli Ramazan oğlu Novruzov 1937-ci ildə Bakıda doğulub, uzun illər SSRİ Sərhəd Qoşunlarında xidmət edib.

1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra 1994-cü il aprelin 8-də o, Azərbaycanın milli təhlükəsizlik nazirinin müavini – Sərhəd Qoşunlarının komandanı təyin edilib və 2001-ci ilə qədər bu vəzifəni tutub. Abbasəli Novruzov həm də Yutubda yayılan məşhur bir videoya görə tez-tez xatırlanır.

Buna səbəb mərhum prezident Heydər Əliyevin onu iclas zamanı sərt tənqid etməsi idi. 1996-cı ilin sentyabrında baş tutmuş bu iclasa səbəb Binə Hava Limanında yaranan vəziyyət idi. Həmin dövrdə AZAL rəhbərliyi və müvafiq dövlət qurumlarının fəaliyyəti nəticəsində aeroportda xaotik vəziyyət yaranmışdı və bunun əsas səbəblərindən biri də Sərhəd Qoşunlarının orada qurduğu sərt nəzarət tədbirləri idi.

Məsələ ilə bağlı sonuncu insident zamanı ölkəmizə xeyli investisiya yatırmaq üçün Bakıya gələn yapon iş adamı hava limanında xoşagəlməz vəziyyətlə üzləşmiş, 3 saat aeroportda gözlədilmiş və bu narazılığını ölkə rəhbərliyinə çatdırmışdı.

Bununla bağlı AZAL və hava limanında xidmət göstərən digər orqanların rəhbərləri ilə müşavirə keçirən Heydər Əliyev qurduğu əlavə nəzarət koridoruna görə Abbasəli Novruzovu tənqid etmiş və ona iradlarını bildirmişdi.

Məhz ulu öndərin keçirdiyi bu müşavirədən sonra hava limanında vəziyyət düzəlmiş, nəzarət sistemində beynəlxalq normalar tətbiq edilmişdi.

Qeyd edək ki, Abbasəli Novruzov bu müşavirədən daha 5 il sonra, 2001-ci ilə qədər Sərhəd Qoşunlarının komandanı vəzifəsində qalmışdır.

Müəllif: Zeynal Əmrəliyev

Gununsesi.info