İqbal Ağazadə tarixi qəhrəmanların təhqir olunmasına etiraz etdi: “Bu, kimsəyə yaraşmaz”

  • Müəllif: Firuzə
  • 18 Avqust 2026 09:08

Ümid Partiyasının sədri İqbal Ağazadə Azərbaycan tarixində Qaçaq Nəbi və Həcərin rolu ilə bağlı fikirlərini bölüşüb.

Gununsesi.info-nun xəbərinə görə, İqbal Ağazadə qeyd edib ki, XIX əsrin 60-70-ci illərində Azərbaycanda geniş vüsət alan qaçaqçılıq hərəkatının əsas səbəbləri Çar Rusiyasının müstəmləkə siyasəti, ağır və əsassız vergilər, idarəetmədəki qanunsuzluqlar və yerli bəylərin kəndlilərə zülmü olub.

Onun sözlərinə görə, Qaçaq Nəbi bu hərəkatın ən parlaq nümayəndələrindən biri kimi Qarabağ, Naxçıvan və Arazboyu ərazilərdə yaşayan insanların ümid yerinə çevrilib.

“Nəbi quldur yox, xalq qəhrəmanı olub. Onu sovet hökuməti və sistemi deyil, xalq yaddaşlarında yaşadıb”, – deyə Ağazadə vurğulayıb.

Siyasətçi Qaçaq Nəbi haqqında xalq yaddaşının mühüm göstəricilərindən biri kimi onun adına yaradılan musiqi nümunələrini də xatırladıb.

O bildirib ki, hələ 1912-1915-ci illərdə Məşədi Məmmədin ifasında “Qaçaq Nəbi” mahnısı lentə alınıb və Tiflisdə nəşr olunan “Tatar Xalqının 40 melodiyası” valında da bu xalq mahnısı yer alıb.

Ağazadə bildirib ki, xalqın əsrlərlə yaddaşında yaşatdığı bir obrazı yalnız “quldur” və ya “oğru” kimi təqdim etmək doğru deyil:

“Xalq hansı quldura, oğruya mahnı qoşub, onu yaddaşlarda yaşadıb? Şəninə mahnı qoşulan, şeir yazılan, musiqi bəstələnən və yüz illər yaddaşlarda yaşayan neçə qəhrəmanımız var?”

İqbal Ağazadə Qaçaq Nəbinin həyat yoldaşı Həcərin də bu mübarizədə mühüm rol oynadığını qeyd edib.

Onun sözlərinə görə, Həcər Nəbini ən çox müşayiət edən, onunla çiyin-çiyinə mübarizə aparan şəxslərdən biri olub və zamanla Nəbi kimi Azərbaycan şifahi xalq ədəbiyyatının qəhrəmanına çevrilib.

Ağazadə Nəbi və Həcərin mifik obrazlar olmadığını, onların tarixi şəxsiyyətlər olduğunu vurğulayıb və doğum-ölüm tarixləri ilə bağlı məlumatları diqqətə çatdırıb.

Siyasətçi son dövrlər Şah İsmayıl, Cavanşir, Babək, Koroğlu və Qaçaq Nəbi kimi tarixi və folklor qəhrəmanlarının müxtəlif müzakirələrin predmetinə çevrildiyini də qeyd edib.

“Fəaliyyəti barədə fikir bildirilə, tədqiq oluna bilər. Lakin birinə faşist, birinə oğru, digərinə qarınqulu kimi təhqiramiz ifadələrlə qiymət vermək kimsəyə yaraşmaz”, – deyə Ağazadə bildirib.

O, xüsusilə Koroğlu dastanındakı şişirtmələrin və mifoloji-ədəbi elementlərin tarixi reallıq kimi müzakirə edilməsini də tənqid edib. Şah İsmayıla dini məzhəbçiliyə görə “faşist” deyilməsini isə qəbuledilməz yanaşma kimi qiymətləndirib.

Ağazadə Qaçaq Nəbinin “oğru və quldur” kimi təqdim edilməsinə, Həcər haqqında isə təhqiramiz fikirlər səsləndirilməsinə etiraz edib.

Onun fikrincə, Nəbi və Həcərlə bağlı qiymətləndirmələr zamanı yaxın tarix, arxiv materialları, sənədlər, tayfa və qohumluq əlaqələri, eləcə də şahidlərin məlumatları nəzərə alınmalıdır.

“Bu gün Rusiyanın işğalçılıq siyasətindən danışanların əlifbasının ilk hərfi Nəbi və Həcərdir. Qeyrəti, mübarizəsi, yolu və mücadiləsi ilə Nəbi və Həcər Azərbaycanın xalq qəhrəmanlarıdır”, – deyə İqbal Ağazadə bildirib.

Elmar
Gununsesi.info