Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas Rusiyaya qarşı indiyədək ən genişmiqyaslı sanksiyalar paketinin 2026-cı ilin payızında təqdim olunacağını bildirib.
Gununsesi.info verir ki, Kallas bu barədə Almaniyanın “Die Welt” nəşrinə müsahibəsində danışıb.
Onun sözlərinə görə, yeni paket qəbul edilərsə, Aİ-nin sanksiyalarına məruz qalan Rusiya vətəndaşlarının, şirkət və təşkilatlarının sayı təxminən üçdəbir artacaq.
“Rusiya müharibəni dayandırana qədər təzyiqi artırmaq lazımdır”, – Kallas deyib.
Aİ rəsmisi ABŞ Senatında respublikaçı senator Lindsi Qremin təşəbbüsü ilə irəli sürülmüş Rusiyaya qarşı sanksiyalar haqqında qanun layihəsinin qəbul edilməsinin Vaşinqtonla Brüsselin sanksiya siyasətini daha da yaxınlaşdıracağına ümid etdiyini bildirib.
Kallasın sözlərinə görə, Aİ-nin indiyədək Rusiyaya tətbiq etdiyi sanksiyaların ölkə iqtisadiyyatına təsiri 1 trilyon avrodan çox olub.
Qeyd edək ki, Aİ 2026-cı ilin iyulunda Rusiyaya qarşı 21-ci sanksiyalar paketini qəbul edib. Paket çərçivəsində 48 fiziki və 170 hüquqi şəxs olmaqla, ümumilikdə 218 yeni mövqe sanksiya siyahısına əlavə edilib.
Sanksiyalar Rusiyada üç, Belarusda isə bir neft emalı zavodu da daxil olmaqla, neft sektorunda fəaliyyət göstərən 18 təşkilatı, hərbi-sənaye kompleksi ilə əlaqəli 56 fiziki və hüquqi şəxsi əhatə edib.
Rusiyanın müharibə təbliğatını yaymaqda ittiham olunan səkkiz nəfər, eləcə də general-mayor Roman Demurçiyev də sanksiya siyahısına salınıb.
Bundan başqa, Aİ 94 bank və iri maliyyə təşkilatının aktivlərini dondurub, daha 33 Rusiya kredit təşkilatına qarşı əməliyyat qadağasını genişləndirib.
Avqustun əvvəlində isə “Serpuxov Metallist Zavodu”nun rəhbəri Ramil Badqutdinov, “Krasnoyarsk Maşınqayırma Zavodu”nun (“Krasmaş”) baş direktoru Aleksandr Dyukarev, “IRZ-Svyaz”ın direktoru Sergey Başkov, “Aeromaks”ın rəhbəri Sergey Bessonov və Dəqiq Cihazlar Elmi-Tədqiqat İnstitutunun baş direktoru Viktor İvanov da sanksiya siyahısına əlavə olunub.











