Qarabağdakı ermənilərin terror çağırışı: Rusiya sülhməramlıları niyə susur?

  • By admin
  • 14 Dekabr 2020 15:11

Müharibə bitdi, amma erməni terrorizmi davam edir. Qarabağ meşələrində və dağlarında gizlənən terrorçular Rusiyanın vasitəçiliyi ilə əldə olunmuş razılaşmanı və atəşkəsi tanımır, yeni hücumların anonsunu verirlər.

Dekabrın 11-də Hadrut istiqamətində erməni terrorçularının hücumları oldu. Dövlət Təhlükəsizlik Xidmətinin ordumuzla birlikdə həyata keçirdiyi anti-terror əməliyyatı nəticəsində terrorçular məhv edildi, Xocavəndin Köhnə Tağlar və Çaylaqqala kəndləri nəzarətə götürüldü.

Bölgəyə sülhü təmin etmək üçün gələn Rusiya sülhməramlıları isə öz missiyalarını yerinə yetirmək əvəzinə, yeni xəritə yayaraq, bu kəndləri “Azərbayca Ordusunun nəzarətindən kənar”da göstərir. Belə cızma-qara xəritələrin heç bir nəticəsi yoxdur, olmayacaq da, lakin sərgilənən mövqe Rusiyanın Qarabağda öhdəliyini yerinə yetirmədiyini, yaxud bacarmadığını göstərir.

Meşələrdə gizlənmiş bir qrup erməni terroruçunun dünən yaydığı videomüraciət də Rusiya sülhməramlılarının fəaliyyətinə dair etimadı sarsıdır. Erməni terrorçular müraciətdə bildirir ki, “müharibə hələ bitməyib, daha genişmiqyaslı döyüşlər hələ qarşıdadır”. Onlar erməniləri İrəvandan Qarabağa gəlməyə və döyüşməyə də çağırıb.

Bu, Azərbaycan ərazisində açıq şəkildə terror fəaliyyətidir və ermənilərin bunu etməsi heç də səbəbsiz deyil. Bu səbəbləri Rusiya sülhməramlılarında axtarmaq lazımdır:

1. Sülhməramlılarının səmərəsiz fəaliyyəti;
2. Üçtərəfli razılaşmanın müddəlarını yerinə yetirmək əvəzinə, ermənilərə cəsarət verən qondarma xəritələr yayması;
3. Bir aydan artıqdır əsas missiyalarını kənara qoyaraq, İrəvandakı erməniləri Xankəndinə daşıması;

Bu üç səbəb erməni terrorçularının açıq terror çağırışı etməsinə şərait yaradan amillərdir.

Halbuki, Rusiya sülhməramlılarının əsas missiyası bölgədə təhlükəsizliyi təmin etmək, üçtərəfli razılaşmaya uyğun olaraq, silahlı erməni neytrallaşdırmaq və bölgədən uzaqlaşdırmaq, gələcək birgəyaşayışı təmin etməkdir.

Bu gün meşələrdə gizlənən erməni terrorçular açıq-aşkar videomüraciət yayaraq, terror çağırışı edə bilirsə, deməli, Rusiya sülhməramlılarının fəaliyyətində ciddi problemlər var.

Və görünən budur ki, sülhməramlıların mandata uyğun fəaliyyət göstərməməsi, erməni terrorçularına cəsarət verəcək şərait yaratmasının arxasında Rusiyadakı müəyyən qüvvələr dayanır.

Bu qüvvələr Azərbaycanın 44 günlük müharibədə qalib tərəf kimi bölgədə yaratdığı yeni reallığı, Türkiyənin bölgədəki varlığını, Rusiyanın Ermənistana pulsuz verdiyi silahların ordumuz tərəfindən məhv edilməsi və götürülən qənimətlərin Bakıdakı Zəfər paradında nümayişini həzm edə bilmirlər.

Lakin onlar anlamır ki, Qarabağ Azərbaycandır və orada baş verən istənilən hadisə, yaxud hansısa məsələ Azərbaycanın daxili işidir. Azərbaycan beynəlxalq hüquqa uyğun öz ərazilərində anti-terror əməliyyatı keçirmək haqqına sahibdir. Köhnə Tağlar və Çaylaqqala kəndlərində keçirilən anti-terror əməliyyatları digər ərazilərdə də erməni terroruna qarşı davam edəcək. Rəsmi Bakı bununla bağlı İrəvana da, Moskvaya da xəbərdarlıq edib. Ya Rusiya sülhməramlıları mandatına uyğun olaraq terrorçuları neytrallaşdırmalı, ya da missiyalarını yerinə yetirə bilmədiklərini etiraf edərək, kənarda dayanmalıdır. Terrorçuların zərərsizləşdirilməsini Azərbaycan özü həyata keçirəcək.

Baş verənlərin Rusiyanın Azərbaycandakı imicina ciddi zərər vurduğu da aydındır. Bunu rəsmi Moskva ciddi düşünməli və bölgənin gələcəyi üçün dərhal sülhməramlıların missiyasını mandata uyğunlaşdırmalıdır. Əksi Rusiyanın bölgədəki gələcək maraqları üçün də risklidir.

Gununsesi.info