Qüdrət Həsənquliyev: “Türkiyə ilə qardaşlığımıza heç nə son qoya bilməz”

  • Müəllif: Orxan
  • 29 Oktyabr 2026 13:26

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb.

Gununsesi.info müsahibəni təqdim edir:

– Qüdrət bəy, Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Teyyub Ərdoğana 29 Oktyabr Respublika günü ilə əlaqədar çox səmimi və isti bir təbrik məktubu göndərib. Ölkələrimiz arasında əlaqələrin gələcək inkişafı barədə nə deyə bilərsiniz?

– Mən də Prezidentin təbriklərinə qoşuluram. Prezident təbrik məktubunda qeyd edir ki, Şuşa Bəyannaməsi ilə münasibətlərimiz müttəfiqlik səviyyəsinə çataraq keyfiyyətcə yeni məzmun və mahiyyət kəsb etmişdir. Prezident əvvəllər bəyan edib ki,biz türk ailəsinin üzvü, bir millət iki dövlətik. İqtidarlar arasında fikir ayrılıqları ola bilər, hətta tarixin hansısa dönəmidə, Sovetlər Birliyi zamanında olduğu kimi, böyük güclər yenidən bizi bir-birimizdən ayrı da sala bilər, amma bu bizim qardaşlığımıza son qoya bilməz. Biz təbii müttəfiqik, eyni millətik.

– ABŞ-dəki aralıq seçkilər ABŞ-Azərbaycan münasibətlərinə təsir edə bilərmi?

– Təəssüf ki, Respublikaçıların bu gün nəzarət etdiyi Konqres 1992-ci ildə, Elçibəy hakimiyyəti zamanı, Azərbaycana dövlət yardımını qadağan edən “Azadlığa Yardım Aktı”na edilmiş 907-ci düzəlişi ləğv etmədi. Respublikaçılar bizə görə demokratlarla üz-üzə gəlmək istəmədilər. İstəsələr, həmin ədalətsizliyi aradan qaldırmaq üçün qarşıda hələ iki ayları var.
Respublikaşıların aralıq seçkilərdə Nümayəndələr Palatasını uduzacağı artıq qaçılmaz görsənir. Senatı da uduzmaq ehtimalı az deyil. Biz heç zaman yaddan çıxarmamalıyıq ki, Azərbaycan Trampın prezidentliyi dövründə torpaqlarını işğaldan azad etdi və o, bunu anlayışla qarşıladı. Birinci Qarabağ savaşında olduğu kimi biz ABŞ tərəfindən sanksiyalara məruz qalmadıq. Amma əvvəllər dəfələrlə söyləmişəm ki, biz ABŞ ilə əməkdaşlıq etməli, amma nə dost olmalıyıq, nə də düşmən. Çünki ABŞ ilə düşmən olmaq təhlükəli, dost olmaq isə ölümcül qorxuludur. Ukrayna Prezidenti Zelenskinin Bayden administrasiya ilə “dostluğu” bu gün Ukaraynanın gələcəyi, ərazi bütövlüyü üçün ciddi təhlükəyə çevrilib. ABŞ-də siyasi qütbləşmə düşmənçilik səviyyəsinə çatdığından hər yeni hakimiyyət özündən əvvəlki hakimiyyətlə dostluq edənləri amansızcasına cəzalandırır. Trampın qarşıda iki ili var, inşallah, o zamana qədər ümid edirəm demokratlarla münasibətləri tənzimləyə bilərik.

– Paşinyanın sülh sazişi ilə əlaqədar son açıqlamalarını necə qarşıladınız?

– Paşinyandan heç nə asılı deyil. O böyük şahmat taxtasında piyadadır. Sülh sazişi üçün Rusiya ilə anlaşmalıyıq. Rusiya istəsəydi biz sülh sazişini 2020-25 -ci illərdə çoxdan imzalamışdıq, Zəngəzur dəhlizi də Rusiyanın nəzarəti altında bərpa olunmuşdu. Sülh sazişi Rusiya və Türkiyənin iştirakı ilə imzalanarsa sülh daha möhkəm və uzunömürlü olar.

– Netanyahunun baş nazir postundan getməsi bölgədə sülhə yol aça bilərmi?

– Bu daha çox ABŞ-nin iradəsindən asılı olan məsələdir.

(Xalqcəbhəsi.az)

Gununsesi.info