Qulu Məhərrəmli:”Media quruluşlarının reyestrdən keçməsi onun azadlığına təsir etmir”

“Mən həqiqətən belə hesab edirəm ki, Media reyestrinin normal məqsədi var və bu məqsəd media subyektlərinin qeydiyyatında bir nizam yaratmaqdan ibarət olmalıdır. Məsələn, bir sayt yaranır, 1-2 həftə dezinformasiya yayır, şantaj, yalan və reketliklə məşğul olub yoxa çıxır. Kimliyi də bilinmir”.

Bunu Gununsesi.info-ya açıqlamasında media məsələləri üzrə ekspert professor Qulu Məhərrəmli bu barədə suala cavabında deyib.

Onun sözlərinə görə, özünü media quruluşu sayanların qeydiyyatdan keçməsi onun azadlığına hər hansı təsiri yoxdur:

“Hesab edirəm ki, reyestr, yəni uçot-qeydiyyat olmalıdır. Mənim də tənqid etdiyim “Media haqqında” qanunda reyestr barədə ayrıca maddələr var. O başqa məsələdir ki, əgər reyestrdən xüsusən azad mediaya qarşı təzyiq kimi istifadə etmək cəhdi varsa, bunun qarşısı alınmalıdır.

Təkrarən deyirəm ki, reyestr media qurumlarının qeydiyyata alınmasıdır, yəni uçot-məlumat-statistika üçündür ki, təsisçi, ünvan, kimlik və s. bilinsin. Əvvəllər bu işi Ədliyyə Nazirliyi görürdü, indi isə bununla Media agentliyi məşğul olur. Yəni reyestr söhbəti aşkarlıq mənasında normaldır. Normal olmayan reyestr üçün bürokratik şərtlər (əslində tələblər) qoyulması və həmçinin jurnalistlərin də reyestrdən keçməsini istəməkdir. Reyestr üçün hər hansı şərt və ya tələb (xüsusən icrası çətin olan) qoyulursa, bu, artıq icazə-lisenziya xəttinə yaxınlaşır.

Ona görə hesab edirəm ki, bu problemin düzgün həll yolları tapılmalıdır”.

Afət Abbasova
Gununsesi.info