Rusiya dəmir yolu məsələsində bizə problem yaradır -Paşinyan

  • Müəllif: Firuzə
  • 13 Avqust 2026 13:53

“Avrasiya İqtisadi Birliyi (AİB) ilə bağlı heç vaxt öz mövqeyimi bildirməkdən çəkinməmişəm”.

Gununsesi.info xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

“Problemin mahiyyətinin nədən ibarət olduğunu açıq şəkildə söyləmişəm. Belə demək mümkündürsə, bütün əlavə və müşayiətedici məqamları bir kənara qoyub əsas faktlara diqqət yetirsəniz, məsələ bundan ibarətdir ki, eksklüziv münasibətlərə malik olmaq gözləntisi var və biz bununla razı deyilik”, – o bildirib.

O əlavə edib ki, malların idxalı və ixracını bu vəziyyətlə əlaqələndirmirlər: “Münasibətlərimizi şaxələndirməliyik. Hətta indi əvvəlki vəziyyətə qayıtsaq belə, bizim gündəliyimiz dəyişməyəcək”.

Rusiya ilə dəmir yolu məsələsinə toxunan Paşinyan qeyd edib ki, İrəvan dostyana həll yolu istəyir:

“Kəskin həll yollarına getmək istəmirik. Rusiya ilə problemimiz yoxdur. Problemimiz odur ki, növbəti dəfə beynəlxalq nəqliyyat şəbəkəsinə inteqrasiya üçün yaranmış tarixi fürsəti əldən verə bilərik. Burada problem ondan ibarətdir ki, həmin dəmir yolundan istifadə etməkdə potensial maraqlı olan və faktiki olaraq istifadə məsələsində “aslan payı”na sahib tərəflər bu imkandan yararlanmırlar. Onlar yenə də Ermənistanı yan keçən başqa yollar axtarırlar. Biz də deyirik: Ermənistanı niyə yan keçirsiniz? Və başa düşürük ki, əsas səbəb məhz budur.

Ona görə də biz Rusiyaya getdik və tərəfdaşlarımıza dostyana şəkildə dedik: “Hörmətli dostlar, bizim belə bir problemimiz var, gəlin bu problemi birlikdə həll edək”.

Ermənistan 2008-ci ildə – o vaxtkı prezident Robert Köçəryanın hakimiyyəti dövründə dəmir yolu infrastrukturunu güzəşt əsasında və ya borc müqabilində “Rusiya Dəmir Yolları”nın törəmə şirkəti “Cənubi Qafqaz Dəmir Yolları”na təhvil verib. Nikol Paşinyan Rusiya və Ermənistanla dost münasibətləri olan bir ölkənin ölkənin dəmir yollarının güzəştli idarəetmə hüquqlarını ala biləcəyini açıqlayıb. Ermənistan hökumət başçısı Azərbaycan və Türkiyə ilə dəmir yollarının bərpası üçün bunun önəmli olduğunu bildirib.

Gununsesi.info